AZ

“Botafoqo” “Qarabağ”ın braziliyalısını istəyir

Pedro Bikalyonun “Qarabağ” karyerası qısa çəkə bilər.

Msport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçisinin ölkəsinə qayıtmaq ehtimalı yaranıb. Belə ki, “Botafoqo” onun xidmətində maraqlıdır.

Braziliya klubunun baş məşqçi postuna gətirilən Davide Ançelotti (Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu – red.) dayaq yarımmüdafiəçisi mövqeyinə iki namizəd təqdim edib. Bunlardan birincisi Bikalyo, ikincisi isə hazırda Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən və vaxtilə “Qarabağ”da oynamış Joao Romaodur.

Braziliyalılar üçün hazırda prioritet Bikalyodur. Rəhbərlik 2026-cı ilin əvvəlində bu transferi reallaşdırmaq üçün rəsmi danışıqlara da başlayıb. Lakin onların ilk təklifini “Qarabağ” rədd edib. Çünki braziliyalılar oyunçunu sonradan birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək istəyib. “Qarabağ” isə yalnız birdəfəlik transferə razı ola biləcəyini qarşı tərəfə çatdırıb.

“Botafoqo” bu keçiddə israrını davam etdirir. Cənubi amerikalılar Azərbaycan çempionunun qapısını yeni təkliflə döyməyə hazırlaşırlar. Həmçinin Pedro özü və meneceri də “Botafoqo” variantına müsbət yanaşır. Onun transferdə maraqlı olması Braziliya təmsilçisini ümidləndirir.

Alternativ variant hesab olunan Joao Romao üçün ilk təmas da uğursuz nəticələnib.

Qeyd edək ki, Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. O, Ağdam klubuna bu ilin yayında “Palmeyras”dan keçib.

Seçilən
21
msport.az

1Mənbələr