Cənubi Qafqazda geosiyasi balansın sürətlə dəyişdiyi bir dövrdə İranın regional siyasəti yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Azərbaycanın Vətən müharibəsindən sonra formalaşdırdığı yeni təhlükəsizlik və əməkdaşlıq mühiti Tehranın uzun illər ərzində apardığı strateji xəttin səmərəliliyini ciddi şəkildə sual altına alıb. İranın ideoloji və təriqətçi yanaşmalar üzərində qurduğu regional siyasətin həm siyasi, həm də iqtisadi baxımdan dalana dirəndiyi açıq şəkildə görünür. Son prezident seçkilərindən sonra baş verən dəyişikliklər isə Tehran rəhbərliyinin mövcud reallıqları qəbul etməyə meylləndiyini göstərən mühüm siqnallar kimi qiymətləndirilir. Politoloqlar hesab edirlər ki, İranın yeni dönəmdə Azərbaycanın yaratdığı geosiyasi reallıqla barışması həm öz təhlükəsizlik strategiyası, həm də regional sabitlik üçün zəruri addımdır.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, İranın Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı yürütdüyü siyasət uzun illər boyunca strateji baxımdan yanlış istiqamət alıb.
Onun sözlərinə görə, İran son 45 ildə dini, daha doğrusu təriqətçi yanaşmaları siyasi alətə çevirərək qonşu ölkələrlə münasibətlərində təhdidkar üslub nümayiş etdirib: “Tarix dəfələrlə sübut edib ki, bu cür siyasət heç bir nəticə vermir. Əksinə, İranın həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda mövqelərinə ciddi zərbə vurub. Tehran uzun illər bölgədə separatçı qüvvələrə gizli və açıq dəstək göstərərək keçmiş status-kvonun qorunmasına çalışırdı. Lakin Vətən müharibəsində ordumuzun qələbəsi, diplomatik və informasiya müstəvisində əldə edilən uğurlar regionda tamamilə yeni reallıq yaratdı. Bu reallığı formalaşdıran isə məhz Azərbaycan oldu. İndi istər yaxın, istərsə də uzaq qonşular bu geosiyasi vəziyyətlə barışmaq məcburiyyətindədirlər. İran da həm “Sasani nostaljisi”, həm də dini-siyasi manipulyasiyalardan imtina etməlidir”.
Fəqani Məhərrəmli qeyd edib ki, İranda keçirilən son prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkianın qalib gəlməsi və onun prezident seçildikdən sonra Azərbaycana etdiyi rəsmi səfərlər Tehranın yeni reallıqları qəbul etməyə başladığını göstərir: “Qloballaşan dünyada iqtisadi maraqlar ideoloji davranışlardan daha üstün mövqe tutur. İranın Azərbaycana olan ehtiyacı hər keçən gün artır. İllərlə Ermənistan üzərindən Cənubi Qafqaz siyasəti yürütmək cəhdləri iflasa uğradı. İran artıq başa düşür ki, bölgədə yeni status-kvo mövcuddur və bu reallığı Azərbaycan öz hərbi-siyasi və iqtisadi gücü hesabına formalaşdırıb. Bu reallıqla hesablaşmadan regionda heç bir addım atmaq mümkün deyil.
Azərbaycan Cənubi Qafqaz və qonşu dövlətlər üçün ən rasional əməkdaşlıq modeli təklif edib. “3+3 formatı — üç Cənubi Qafqaz ölkəsi ilə Türkiyə, İran və Rusiyanın birgə əməkdaşlığı iqtisadi- ticarət münasibətləri üçün ən optimal platformadır. İran yaxın perspektivdə regional və qlobal səviyyədə etibarlı tərəfdaş imici formalaşdıra bilsə, bu həm regionun sabitliyinə, həm də inkişafına ciddi töhfə verər”.
// Gülnarə Abasova, Editor.az