AZ

Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən böyük ehtiramla anılır



“Aradan on illər keçsə də, bu gün də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən böyük ehtiramla anılır. Çünki Ulu Öndərin Azərbaycan dövləti, Azərbaycan xalqı qaşısında misilsiz xidmətləri olub. Bu səbədən Azərbaycan xalqı Ona böyük dəyər verir, daim xatırlayır”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, idarəçilik təcrübəsi və strateji baxışları XX əsrin sonları və XXI əsrin əvvəllərində Azərbaycan tarixində önəmli mərhələləri formalaşdırdı:

“Onun fəaliyyəti müxtəlif sahələri – iqtisadiyyatı, diplomatiyanı, ordu quruculuğunu, sosial-mədəni inkişafı və milli ideologiyanın möhkəmləndirilməsini əhatə edirdi. Bu səbəbdən də, onun adı müasir Azərbaycanın inkişaf prosesi ilə sıx bağlı şəkildə xatırlanır”.

Arzuman Muradlı qeyd edib ki, Heydər Əliyevin dövlətçilik xətti, idarəçilik ənənəsi və Azərbaycan üçün yaratdığı konseptual inkişaf modeli, bu gün də ölkənin bir çox sahələrində öz təsirini göstərməkdədir:

“Onun irsi yalnız keçmişin bir hissəsi kimi deyil, həm də gələcək nəsillər üçün bir məktəb kimi dəyərləndirilir. Hər il keçirilən anım tədbirləri bu irsin yaddaşlarda yenilənməsi və xalqın öz tarixi şəxsiyyətlərinə göstərdiyi ehtiramın bir simvolu kimi qəbul olunur. Bu anım günü, xalqın birlik və vəhdət ruhunu gücləndirən, Azərbaycanın keçmişinə ehtiramla yanaşmağı, gələcəyinə isə inamla baxmağı təşviq edən xüsusi bir gündür. Heydər Əliyevin xidmətləri və fəaliyyəti xalq yaddaşında əbədi olaraq öz layiqli yerini qoruyub saxlayır”.

Süleyman
Seçilən
26
newscenter.az

1Mənbələr