ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı “Alfa” qrupunun pilotsuz uçan aparatlarla Xəzər dənizində “Lukoyl-Nijnevoljskneft” şirkətinə məxsus Filanovski neft hasilat platformasına zərbə endirməsi, təkcə hərbi hadisə kimi yox, regional təhlükəsizlik və enerji müharibəsinin yeni mərhələsinin siqnalı kimi qiymətləndirilir. Hücumun nəticəsində 20-dən çox quyuda neft hasilatının dayandırılması xəbərləri bu əməliyyatın strateji hədəflərini daha da aydın göstərir”.
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, bu hücum Ukraynanın Xəzər akvatoriyasında Rusiyaya məxsus enerji infrastrukturuna endirdiyi ilk hücumdur və bu fakt artıq regional status-kvonun dəyişməsi ilə bağlı suallar doğurur.
Rusiyanın Ukraynaya qarşı müharibəsi Cənubi Qafqazamı sıçrayır?Münaqişənin formatı enerji infrastrukturu ilə hibrid müstəviyə keçirmi, yoxsa Rusiya-Ukrayna müharibəsi sülh prosesi ərəfəsində mümkün qədər zərər vurmaq doktrinası ilə davam edir?
Nicat İsmayılov
Politoloq qeyd edib ki, bu sualların cavabı, əslində, müharibənin növbəti mərhələsinin mahiyyətini anlamaq üçün mühüm ipucları verir:
1. Müharibənin Cənubi Qafqaza sıçraması ehtimalı: Real risk, yoxsa lokal əməliyyat?
Hadisənin coğrafiyası Xəzər dənizi, artıq məsələnin sırf Rusiya-Ukrayna çərçivəsində olmadığını göstərir. Lakin bu, müharibənin tam şəkildə Cənubi Qafqaza “sıçraması” anlamına gəlmir. Çünki, hədəf Cənubi Qafqaz dövləti deyil, Rusiya şirkətinə məxsus enerji obyekti idi. Əməliyyatın məqsədi regional genişlənmə yox, Rusiyanın enerji dövriyyəsinə zərbə vurmaqdır.
Xəzərin hüquqi statusu (2018 Konvensiyası) ölkələrə dəniz üzərində suverenlik zolaqları versə də, hərbi əməliyyatların qarşısını praktik olaraq tam qorumur. Buna baxmayaraq, risk artır. Xəzər dənizində hər hansı eskalasiya region ölkələrinin enerji təhlükəsizlik strategiyalarında dəyişiklik yarada və dənizdə hərbi balansı yenidən formalaşdıra bilər. Bu isə artıq Cənubi Qafqaz üçün dolayı təhlükə deməkdir.
2. Müharibə enerji infrastrukturuna keçir: Yeni mərhələnin əsas hədəfləri
Ukrayna uzun müddətdir Rusiyanın iqtisadi davamlılığına zərbə vurmaq üçün enerji infrastrukturuna qarşı yüksək dəqiqlikli PUA əməliyyatları həyata keçirir. Bu əməliyyatlardan bəziləri Qara dəniz rəqsi, Krasnodar neft bazaları, Uzaq Şərq və Volqa bölgəsindəki DLİ-nin PUA ilə hədəfə alınması. Xəzər dənizinə endirilən zərbə isə tamamilə strateji sıçrayışdır. Bu nə deməkdir? Rusiya Xəzər dənizini təhlükəsiz enerji zonası hesab edirdi. Xəzərlə Qərb bazarlarına neft nəqli həm Rusiya, həm də region üçün kritik əhəmiyyət daşıyır. Bu hücumla Ukrayna göstərdi ki, müharibə artıq təkcə cəbhə xətti və ya Qara dənizlə məhdudlaşmır. Beləliklə, münaqişə enerji-kommunikasiya müharibəsinə transformasiya olunur.
3. Sülh danışıqları fonunda “maksimum zərər” strategiyası
Sülh danışıqları gedən mərhələdə tərəflərin hərbi fəallığı artırması yeni hal deyil. Tarixdə bir çox münaqişələrdə müzakirələr dövründə “güc mövqeyindən danışıq” formulu işləyib. Bu kontekstdə Ukraynanın Xəzər əməliyyatı belə izah oluna bilər:
Rusiya üçün iqtisadi strateji zərbə enerji gəlirlərini azaltmaq məqsədilə.Uzun məsafəli vuruş imkanı nümayişi, Kiyevin texnoloji imkanlarının artdığını göstərmək üçün.Psixoloji gediş, Rusiyanın “təhlükəsiz zonalarını” riskə açmaq.
Bu, birbaşa sülh danışıqlarına təsir edən “maksimum təzyiq” strategiyasıdır.
4. Müharibənin davam etməsi üçün yeni cəbhələr açılır?
Hadisə göstərir ki, Rusiya-Ukrayna müharibəsi klassik hərbi əməliyyatlardan kənara çıxaraq çoxvektorlu hibrid müharibəyə çevrilir. Bu istiqamətlər artıq görünür ki, kiber hücumlar, enerji infrastrukturu zərbələri, dənizdə PUA əməliyyatları, uzun mənzilli dron-infiltrasiya taktikasının genişlənməsi, İqtisadi və logistika şəbəkələrinə təzyiq. Xəzər əməliyyatı göstərir ki, tərəflər müharibəni davam etdirmək üçün yeni cəbhələr axtarır və bu proses “coğrafi elastiklik” adlanan yeni anlayışı aktuallaşdırır.
“Ukraynanın Xəzər dənizində həyata keçirdiyi hücum, regionun geosiyasi təhlükəsizliyində yeni mərhələnin başlandığını göstərir. Bu mərhələ, Enerji infrastrukturlarının yüksək risk zonasına keçməsi, Dənizdə hərbi balansın yenidən formalaşması, Cənubi Qafqaz dövlətləri üçün yeni diplomatik və təhlükəsizlik çağırışları, Hibrid münaqişənin daha geniş coğrafiyaya yayılması kimi nəticələr yarada bilər. Hazırda sual təkcə Rusiyanın cavabının necə olacağı deyil. Əsas sual budur ki, Region dövlətləri enerji təhlükəsizliyini və Xəzərin hərbi balansını qorumaq üçün hansı yeni addımları atacaq? Bu sual yaxın aylarda həm Cənubi Qafqaz, həm də Xəzər hövzəsi üçün əsas siyasi gündəmi müəyyənləşdirəcək”-deyə Nicat İsmayılov bildirib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.