ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun ölkənin siyasi, iqtisadi və mədəni həyatında qoyduğu dərin iz təkcə tarix kitablarında deyil, həm də onu yaxından tanıyan insanların yaddaşında yaşayır.
Heydər Əliyevlə bağlı xatirələrini Globalinfo.az-la bölüşən sabiq təhsil naziri Misir Mərdanov deyib ki, o, çox vətənpərvər və xeyirxah insan olub:
“Rektor olduğum dövrdə, bir il əvvəl universitetdə aspirantura şöbəsinin müdiri vəzifəsində çalışan Sabir Xəlilov vəfat etmişdi. O, məşhur “91-lər”dən biri idi və biz onunla birgə işləmişdik. Onun il mərasiminə yaxın günlərin birində səhər saatlarında Prezident Administrasiyasından mənə zəng etdilər ki, Heydər Əliyev səninlə danışmaq istəyir. Salamlaşdı, hal-əhval tutdu və dedi ki, Sabir Xəlilov rəhmətə gedib, bəs sən mənə niyə vaxtında deməmisən? Cavab verdim ki, cənab Prezident, o vaxt mən rektor deyildim. Dedi ki, nə olsun, prorektor işləyirdin. Ardınca tapşırdı ki, gedirsən, mənim başsağlığımı onun ailəsinə çatdırırsan və il mərasimini öz üzərinə götürürsən”.
Misir Mərdanov Heydər Əliyevin bu xəbəri qəzetdən gördüyünü bildirib:
“Ona hər səhər işə gələndə həmin günün qəzetlərini təqdim edirdilər və bu qəzetlər arasında universitetin qəzeti də olub. Məhz onu orada görən kimi mənə zəng etmişdi. Deməyim odur ki, Heydər Əliyev çox qədirbilən insan idi”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.