Bütün dünya azərbaycanlıları bu gün Ümummilli Lider Heydər Əliyevin anım gününü dərin ehtiramla qeyd edir.
Bu fikirləri “Dür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a verdiyi açıqlamada bildirib. Akif Kərimovun sözlərinə görə, Heydər Əliyev Azərbaycan xalqı üçün müstəsna tarixi və mənəvi dəyərə malik şəxsiyyətdir:
"Necə ki, Türkiyə üçün Atatürk nədirsə, Azərbaycan üçün də Heydər Əliyev həmin tarixi və mənəvi dəyəri ifadə edir. O, müstəqil Azərbaycan dövlətinin qurulmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişdir və Türk dünyasının da fəxri sayılır. Azərbaycan xalqının milli azadlıq hərəkatının qalibiyyətlə başa çatmasında Heydər Əliyevin rolu həlledici olmuşdur. Ondan əvvəl də mübarizə aparılmış, böyük səylər göstərilmişdi, lakin məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz real məzmun kəsb etdi və bu gün biz onu tam mənası ilə qeyd edirik. Azərbaycan xalqı bu baxımdan xoşbəxtdir."
QHT sədri vurğulayıb ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın parçalanmasının qarşısını almasıdır:
"O, ölkədə separatçılıq meyillərinə qarşı qətiyyətli mübarizə aparmış, xüsusilə cənub bölgəsində yaranmış təhlükəli prosesləri qan tökülmədən, siyasi müdrikliklə neytrallaşdırmışdır. Ulu Öndərin tarixi xidmətləri sırasında “Əsrin müqaviləsi”nin imzalanması, Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istifadəyə verilməsi, eləcə də Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini təmin edən enerji layihələrinin əsası xüsusi yer tutur. Bütün bunlar Azərbaycanın iqtisadi müstəqilliyinin və siyasi çəkisinin artmasına xidmət etmişdir".
Akif Kərimov bildirib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə Siyasi Büronun üzvü seçilmiş nadir azərbaycanlılardan idi, bu, hər kəsə nəsib olmayan böyük siyasi nüfuzun göstəricisi idi:
"Hətta onun SSRİ rəhbərliyində daha yüksək vəzifələrə layiq görüldüyü də məlumdur. Lakin bütün bunlara baxmayaraq, o, Vətəninə qayıdaraq mübarizəsini Naxçıvandan davam etdirmiş və xalqının taleyini öz taleyindən üstün tutmuşdur. Biz bu gün müstəqil Azərbaycan dövlətinə görə Heydər Əliyevə borcluyuq. Onun sağlığında milli ordunun yaradılması istiqamətində atdığı addımlar, Türkiyə ilə hərbi əməkdaşlıq, azərbaycanlı kursantların Türkiyədə təhsil alması ordumuzun formalaşmasında mühüm rol oynamışdır. O, hər zaman Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayır və bu amal uğrunda ardıcıl siyasət yürüdürdü. Heydər Əliyev Türk dünyasında böyük hörmətə malik idi. Türkiyə mediasının, o cümlədən NTV-nin Azərbaycanda fəaliyyətə başlaması, türk təşkilatlarının ölkəmizdə açılması onun təşəbbüs və dəstəyi ilə mümkün olmuşdur".
Sonda Akif Kərimov bildirib ki, bu gün Ümummilli Liderin anım günüdür və Azərbaycan xalqı onun əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edir:
"Allah rəhmət eləsin!".
Pərvanə Fərhadqızı
QHT.az