"Aşıq Ələsgərin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda qoyulan heykəli nəzarətsiz qalıb. Oradakı şam ağaclardan birinin şirəsi tamamilə heykəlin üstünə axıb tökülüb. Nəticədə heykəl yararsız hala düşüb. 10 gün olar ki, Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət etmişəm. Hələ də problemi həll etməyiblər. Hətta orada qoca bir şam ağacı qırılıb heykəlin üstünə düşə, onu qıra bilər".
BAKU.WS xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli bildirib.
O daha sonra əlavə edib:
"Orada yolun kənarında iki ağacın yeri dəyişdirilməlidir. Rəşid Behbudov küçəsindən qalxanda bu ağaclar heykəlin qarşısını kəsir, görünmür. Heykəl ora qoyulub ki, Rəşid Behbudov küçəsindən də, Bakıxanov küçəsindən gələnlər də onu görsün. Ya həmin ağaclar oradan çıxarılıb başqa yerdə əkilsin, ya da ümumiyyətlə onları kəsmək lazımdır. O ağacların əvəzinə harada desələr 30 ağac əkərəm. Qeyd edilən ağacların yerində oturacaq qoymaq, gül-çiçək əkmək olar. Çünki yaşlı adam gəlir, oturmağa yer yoxdur. Parkın içində o tərəflərdə oturacaq var, amma heykəllin yaxınlığında yoxdur. Bəlkə 2 yaşlı, ahıl insan gəldi, harada otursunlar? Xahiş edirəm, bu mövzunu aidiyyatı qurumlar diqqətdə saxlasınlar".