ain.az, GlobalInfo saytına istinadən bildirir.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı vaxtilə onun rəhbərliyi altında işləmiş şəxslərdən növbəti açıqlamanı təqdim edirik.
Mərhum prezidentin 10 il ərzində şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov Globalinfo.az-a öz xatirələrini danışıb:
“Heydər Əliyevin ölkə daxilində və xaricində iştirak etdiyi bütün tədbirlərdə olmuşam və hər bir fotosunu özüm çəkmişəm. Onunla əməkdaşlığıma Milli Məclisdən başlamışam və 2003-cü ilə qədər davam etdirmişəm”
R.Bağırov bildirib ki, 12 dekabr elə bir tarixdir ki, bu barədə danışanda indi də kövrəlir:
“Onun vəfatı mənə pis təsir etdi. Onunla iştirak etdiyim bütün görüşlər, çəkdiyim fotolar mənim üçün yaddaqalan və unudulmazdır. Ev tədbirlərində də, az olan istirahət vaxtlarında da onun yanında olurdum. Belə bir dahi şəxsiyyətlə çalışdığım üçün özümü xoşbəxt hesab edirəm. Heydər Əliyev mənə icazə vermişdi ki, çəkiliş zamanı geyimində və ya davranışında hər hansı nöqsan görsəm, ona bildirəm. Amma 10 il ərzində bir dəfə də olsun buna ehtiyac olmadı. O, evdən hər zaman səliqəli çıxardı, geyimində və görünüşündə heç bir çatışmazlıq olmazdı”.
Rafiq Bağırov Heydər Əliyevin son fotosunu çəkməsindən danışıb:
“2003-cü ildə Heydər Əliyevi Türkiyədən ABŞ-a yola saldıq və təyyarəyə minərkən onun son fotosunu çəkdim. Mən Amerikaya getmədim, Bakıda qalaraq İlham Əliyevin seçki təbliğatı ilə məşğul oldum. Artıq İlham Əliyev prezident seçilmişdi. Onunla İsveçrədən qayıdarkən təyyarədə acı xəbəri – Heydər Əliyevin vəfat etdiyini eşitdik. Çox sarsıldım… Ən əziz insanını itirən adam necə olursa, o an mən də elə idim”.
Zaira Akifqızı
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.