AZ

NATO rəhbərindən böyük müharibə xəbərdarlığı: Münaqişə qapımızın ağzındadır

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Avropanı növbəti hədəf kimi seçdiyi barədə xəbərdarlıq edib. O, II Dünya müharibəsinə istinad edərək, ittifaq ölkələrinin həmin dövrdəki miqyasda mümkün bir münaqişəyə hazır olması gərəkdiyini bildirib. Avropanın ciddi təhlükə ilə üz-üzə qaldığını vurğulayan Rutte Rusiya prezidenti Vladimir Putinin NATO-ya zərər vurmaq istədiyini irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Berlinə səfəri zamanı Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında çıxış edən Rutte təhlükənin "qapıda" olduğunu deyib. Onun sözlərinə görə, Rusiya müharibəni Avropaya geri qaytarıb və vəziyyət real və son dərəcə ciddidir.

Ukrayna və Avropalı müttəfiqlər bu həftə Birləşmiş Ştatlara yeni sülh təklifini təqdim etməyə hazırlaşırlar. ABŞ prezidenti Donald Trampın ənənəvi ittifaqlardan uzaqlaşmaq planları da Avropa liderlərinin gündəmində yer alır. Ağ Evin sözçüsü Karolin Levitt Trampın Ukrayna prosesindən məyus olduğunu bildirərək, sözdən çox əməl gözlədiklərini açıqlayıb.

Avropa təhlükə altındadır

Rutte bildirib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu hədəf alıb və Avropa artıq təhlükə altındadır. O, Avropada genişmiqyaslı savaş ehtimalının artdığına diqqət çəkərək, müharibənin qitəyə yayılma riskinə dair indiyədək verilən ən sərt xəbərdarlıqlardan birini səsləndirib.

"The Telegraph"ın məlumatına görə, Avropa liderləri arasında sülh danışıqları məsələsində gərginlik yaşanır. İtaliya baş naziri Corcia Meloninin Ukraynaya güzəşt üçün təzyiq göstərdiyi bildirilir. Almaniya kansleri Fridrix Merz Ukraynanın Rusiyaya ərazi güzəştlərini ehtiva edən yeni təkliflər irəli sürdüyünü təsdiqləyib.

Merz yaxın günlərdə ABŞ-la danışıqlar aparılacağını, gələn həftə Berlində görüş keçirilə biləcəyini deyib. O, sülh planının ABŞ-ın iştirakı ilə bağlı olduğunu əlavə edib.

Yeni sülh planı

Avropa ölkələrinin dəstəklədiyi yeni təklif, Trampın 28 maddəlik əvvəlki planının yenilənmiş variantıdır. Həmin plan Ukraynadan ərazi güzəşti və ordunun kiçildilməsini tələb edirdi. Yeni təkliflərdə Donbasda silahsızlaşdırılmış zona yaradılması nəzərdə tutulur.

Avropada Ukraynanın Donbasdan qismən çəkilməsi müzakirə edilir. Təklifə görə, Kiyev regionu Rusiyaya buraxdığı halda, Rusiya da ərazidən çəkilməlidir. Ukraynalı danışıqlarçıların Donetsk və Luqanskla bağlı kompromis axtardığı bildirilir.

Merz Ukraynanın qəbul etməyəcəyi razılaşmaya məcbur edilməsinin səhv olacağını deyib. O, Putinin müharibəni uzatmaq məqsədilə mülki əhaliyə qarşı amansız siyasət yürütməyə davam etdiyini bildirib.

Britaniya və Rusiya arasında gərginlik

Böyük Britaniya Kral Donanması Şimal dənizindən Manşa doğru hərəkət edən "Krasnodar” adlı Rusiya sualtı qayığını izlədiyini açıqlayıb. Bu hadisə son aylarda iki ölkənin hərbi gəmilərinin qarşılaşdığı bir sıra insidentlərin davamı kimi qiymətləndirilir.

Böyük Britaniyanın müdafiə naziri Con Hili noyabr ayında Rusiya casus gəmisi "Yantar”ın Britaniya sularına daxil olduğunu açıqlamışdı.

İngilis paraşütçü Ukraynada öldürüldü

Kremlin məlumatına görə, cəbhə xəttindən kənarda öldürülən britaniyalı paraşütçü ilə bağlı Rusiya Ukraynada olan britaniyalı hərbçiləri "legitim hədəf” hesab etdiyini bəyan edib. Rusiya xarici işlər naziri "Sergey Lavrov” britaniyalı qüvvələrin hədəfə alınacağını deyib.

Rusiya Müdafiə Nazirliyi Xarkov bölgəsində Liman yaşayış məntəqəsinin ələ keçirildiyini açıqlayıb.

ABŞ-dən Ukraynaya Donbas təzyiqi

Məlumata görə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukraynanı Donbasdan çəkilməyə razı salmaq üçün ciddi təzyiq göstərirlər. Lakin Merz NATO daxilində ABŞ-la fikir ayrılığı olduğu iddialarını rədd edib. Rutte isə ABŞ-ın Avropaya sadiqliyinin dəyişmədiyini vurğulayıb.

Avropada savaş hazırlıqları

NATO liderləri Rusiyanın Ukraynanın ardından Estoniya kimi şərqdəki üzvlərə hücum edə biləcəyi barədə xəbərdarlıq edirlər. Polşa və Almaniya yeni hərbi hazırlıq proqramları başlatıb.

Almaniya federal parlamenti (Bundestaq) ölkədə hərbi xidmətin yenidən tənzimlənməsinə dair qanun layihəsini qəbul edib. 18 yaşa çatan şəxslərə orduda xidmət üçün uyğunluğu müəyyən etmək məqsədilə sorğu forması göndəriləcək. Kişilər üçün bu formanın doldurulması məcburi olacaq və 2008-ci ildən sonra doğulan kişilər üçün tibbi müayinə də öhdəlik halına gətiriləcək.

Avropa ölkələri hava hücumlarına qarşı sığınacaqların gücləndirilməsi istiqamətində də işlər aparır. Almaniyada mövcud sığınacaqların cəmi 480 min nəfər üçün kifayət etdiyi, bu sayın 1 milyona çatdırılması üçün metro stansiyaları, tunellər və yeraltı dayanacaqların uyğunlaşdırılacağı bildirilib. Baltik ölkələri, Fransa və Polşada da oxşar tədbirlər görülür.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
qaynarinfo.az

1Mənbələr