AZ

Vahid Rəqəmsal Həllər və Xidmətlər Platformasının yaradılması ölkəmizdə rəqəmsal həllərin bazarını gücləndirəcək və rəqabəti artıracaq – Şərh

Bakı, 12 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiqi ölkəmiz üçün vacibdir. Bu sənəd rəqəmsal transformasiyanı təkcə texnoloji yenilik kimi deyil, iqtisadi rəqabətlilik və dayanıqlı inkişaf vasitəsi kimi qiymətləndirir. Strategiya qeyri-neft sektorunda rəqəmsal penetrasiyanı genişləndirmək, müəssisələrin rəqəmsal transformasiya səviyyəsini yüksəltmək və rəqəmsal xidmətlərə çıxışı artırmaq üçün də perspektivləri özündə birəşdirir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Tedroid Media Group”un həmtəsisçisi, ekspert Bəxtiyar Həsənov deyib.

“Strategiyada nəzərdə tutulan tədbirlərdən biri vahid Rəqəmsal Həllər və Xidmətlər Platformasının yaradılmasıdır ki, bu da rəqəmsal həllərin bazarını gücləndirəcək və rəqabəti artıracaq. Məqsəd 2029-a qədər bu platformada ən azı 20 provayderin qeydiyyatdan keçirilməsi və müəssisələrin rəqəmsal transformasiya səviyyəsinin təxminən 20%-ə çatdırılmasıdır”, - deyə B.Həsənov vurğulayıb.

Ekspert qeyd edib ki, bundan başqa, Strategiya çərçivəsində kiçik və orta sahibkarlığın rəqəmsallaşmasına dəstək proqramları da diqqət mərkəzində saxlanılır: “Burada müəssisələr üçün qrantlar və güzəştli kredit mexanizmləri nəzərdə tutulur ki, bu da onların rəqəmsal alətlərə çıxışını asanlaşdıracaq və məhsuldarlığı artıracaq. Məqsədlər arasında qeyri-neft iqtisadiyyatında rəqəmsal payın davamlı yüksəlməsi də var. Ümumilikdə, hesab edirəm ki, bu Strategiyanın uğuru onun icra mexanizmlərindədir. Rəqəmsal iqtisadiyyat təkcə yeni texnologiyaların tətbiqi deyil. Bu, həm də müəssisələrin, vətəndaşların, dövlət xidmətlərinin birgə transformasiyasıdır. İcra mexanizmləri, resurs ayırmaları və hesabatlıq sisteminin şəffaflığı və nəticəyönlüyü ilə bu sənədin real təsiri bir o qədər böyük olacaq”.

Seçilən
14
azertag.az

1Mənbələr