ABŞ Prezidenti Donald Trampın administrasiyası ötən maliyyə ilində Müdafiə Nazirliyinin büdcəsindən miqrantlarla mübarizə üçün 2 milyard dollar ayırıb və cari maliyyə ilində (ABŞ-da 1 oktyabrda başlayan) bu məbləği ikiqat artırmağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə cümə axşamı Konqresin hər iki palatasından bir neçə demokrat tərəfindən dərc edilmiş birgə hesabatda bildirilib.
Onlar prezidenti müdafiə və fövqəladə hallara cavab tədbirləri hesabına sərhədlə bağlı təşəbbüslərə üstünlük vermək cəhdlərinə görə tənqid etdilər. Hesabatda Pentaqonun 2026-cı il büdcə sorğusuna sərhədlə bağlı əməliyyatlar üçün ən azı 5 milyard dollar ayrıldığı qeyd edildi. Qanunvericilərin sözlərinə görə, Pentaqon ötən maliyyə ilində sərhəd qoşunlarının yerləşdirilməsinə 1,3 milyard dollar, həm ölkə daxilində, həm də xaricdə hərbi obyektlərdə immiqrasiya saxlanmasına 420,9 milyon dollar, Los-Anceles, Portland və Çikaqo kimi ABŞ şəhərlərində qoşunların yerləşdirilməsinə 258 milyon dollar və hərbi deportasiya uçuşlarına 40,3 milyon dollar xərcləyib.
Konqres üzvləri hesab edirlər ki, Trampın immiqrasiya məsələlərində ordudan istifadə etməsi “bütün ağlabatan hədləri” aşır, qoşunların hazırlığını azaldır və departamentlər arasında resursların daha səmərəli bölüşdürülməsi əvəzinə səmərəsiz xərclərə gətirib çıxarır. Hesabatda qeyd olunur ki, “orduya immiqrasiya nəzarəti tapşırıldıqda – Müdafiə Nazirliyinin missiyası ilə uyğun olmayan, orduya heç bir təlim verilməyən bir rol – bu cür əməliyyatlar çox vaxt eyni funksiyaları mülki hakimiyyət orqanları yerinə yetirdikdə olduğundan bir neçə dəfə baha başa gəlir”.
Hesabatı şərh edən Ağ Ev qeyd edib ki, “[miqrasiya əleyhinə] missiya üçün ayrılan vəsaitin xərclənməsi digər missiyaların maliyyələşdirilməməsi demək deyil” və əlavə edib ki, Pentaqonun vəsaitlərindən immiqrasiya məsələlərini həll etmək üçün istifadə etməkdə Demokratların özləri və ABŞ-ın 46-cı prezidenti Co Bayden günahkardırlar.