AZ

Qiymətləndiricilər Palatası və "Odlar Yurdu" Universiteti Əməkdaşlıq Memorandumu imzalayıb



Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) və "Odlar Yurdu" Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə Newscenter.az-a Palatadan məlumat verilib.

Məlumata görə, bununla bağlı universitetdə keçirilən tədbirdə Palatanın sədri Nüsrət İbrahimov, sədr müavinləri Günay İsmayılqızı və Ayan Qəmbərova, İntizam Komissiyasının sədri Nahid Həsənov, "Odlar Yurdu" Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Samir Vəliyev, strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, professor Elşad Məmmədov və universitet rəhbərliyi iştirak edib.

N.İbrahimov bildirib ki, Palata bir ildən artıqdır qiymətləndirmə sektorunda tənzimləyici səlahiyyətləri həyata keçirir. O qeyd edib ki, ölkə üzrə 100-dən artıq qiymətləndirici fəaliyyət göstərir.

Sədr həmçinin deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan rəqəmsal transformasiya siyasəti çərçivəsində Palata my.gov.az portalına inteqrasiya olunub və bütün qiymətləndirmə rəyləri vahid elektron platforma üzərindən hazırlanır. Bu prosesin sektor üçün şəffaflıq və operativlik baxımından əhəmiyyətli irəliləyiş olduğu vurğulanıb. O, Palatanın fəaliyyətinin Beynəlxalq Qiymətləndirmə Standartlarına (IVC) əsaslandığını və beynəlxalq təşkilatlarla, eləcə də elm-tədris müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini də əlavə edib.

"Odlar Yurdu" Universitetinin İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı, professor Samir Vəliyev çıxışında Palatanın fəaliyyətinin qısa müddətdə sektorda mühüm yeniliklərə səbəb olduğunu bildirib. O qeyd edib ki, AQP-nin təsis edilməsi ilə qiymətləndirmə sektoru tənzimlənən, şəffaf və inkişafyönlü mexanizmlərə sahib olaraq yeni mərhələyə keçib. S.Vəliyev rəhbərlik etdiyi universitetin Palata ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək tələbələrin ixtisasartırma proqramlarına cəlb edilməsi, təcrübə mübadiləsi, elmi-metodoloji fəaliyyətlər və digər birgə təşəbbüslərin universitet üçün əhəmiyyətli olduğunu söyləyib.

İmzalanan Əməkdaşlıq Memorandumu tələbələrin AQP tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qoşulmasını, universitetin elmi-tədqiqat mərkəzləri vasitəsilə real bazar məlumatları, qiymət indeksləri, ESG göstəriciləri və qiymətləndirməyə aid verilənlər bazasının formalaşdırılmasını, rəqəmsallaşma və data analitikası sahələrində birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin birgə Karyera Mərkəzinin və "Valuation Lab" layihəsinin yaradılması, habelə konfrans və digər elmi-praktik tədbirlərin təşkili öz əksini tapıb.

Tədbirin sonunda S.Vəliyev AQP-nin rəhbərliyini universitetdə aparılan təmir işlərindən sonra yaradılmış yeni şəraitlə tanış edib.
Seçilən
19
1
newscenter.az

2Mənbələr