AZ

Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə sərbəst mütəxəssislərin əmək fəaliyyəti üzrə təkliflər hazırlanacaq

Bakı, 12 dekabr, Günel Türksoy, AZƏRTAC

İşəgötürənlərin tələblərinə uyğun rəqəmsal bacarıqların təkmilləşdirilməsi proqramlarının həyata keçirilməsi “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”sında təsdiq edilib. Bununla əlaqədar İqtisadiyyat, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Azərbaycan İnvestisiya Holdinqi birgə “Rəqəmsal iqtisadiyyatda məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqramı”nın yaradılmasını təmin edəcək. Proqramda 150 nəfərin iştirak etməsi, məzun olanlar arasında məşğulluğun 50 faizə çatdırılması, yekun olaraq isə 250 nəfərin iştirakı, məzun olanların məşğulluq səviyyəsinin 80 faizə çatdırılması, rəqəmsal bilik və bacarıqlara malik kadrların sayının artması və işəgötürənlərin ehtiyacının ödənilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Strategiyada rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə sərbəst mütəxəssislərin əmək fəaliyyətinin rəsmiləşdirilməsi və işəgötürənlərin bu sahədə təşviqi üzrə təkliflər də hazırlanacaq və bu təkliflər üzrə hüquqi təkmilləşdirmələr aparılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” təsdiq edilib. Strategiya ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastrukturun genişləndirilməsi və transformasiyanın sürətləndirilməsini, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılmasını, innovasiya əsaslı inkişafın təşviqini, rəqəmsal bacarıqların gücləndirilməsini, eləcə də rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlığının artırılmasını, ümumilikdə ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsini hədəfləyir.

 

Seçilən
25
azertag.az

1Mənbələr