AZ

Asiyada fransız böhranı - TƏHLİL

Yazını böyüt
Yazını kiçilt

Tailand ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasının pozulması ilə bağlı qarşılıqlı ittihamlardan sonra Kamboca ilə mübahisəli sərhədə hava hücumları həyata keçirib. Yenidən baş verən döyüşlərdə dörd Kamboca mülki vətəndaşı və ən azı bir Tailand əsgəri öldürülüb, on minlərlə insan evlərini tərk etməyə məcbur olub.

Maraqlıdır ki, Tailand müharibənin başlanmasına səbəb verəcək addım atarkən iddia edib ki, onlar döyüşlərin getdiyi ərazidə sadəcə hərbi hədəflərə zərbələr endirib. Guya Kamboca silahsızlandırılmış olmalı bu bölgəyə ağır silahlar, üstəlik əlavə qoşunlarını yerləşdirib.

Qarşılıqlı ittihamlar

Kamboca Müdafiə Nazirliyi eskalasiyaya görə Tailandı günahlandırıb. Müdafiə Nazirliyinin sözçüsü general-mayor Mali Soçeata Kambocanın "Tailand ilk atəş açdı" iddiasını təkrarlayıb. Onun məlumatına görə, Tailand bazar ertəsi səhər saat 7:00-dan bir az əvvəl həm Kamboca qoşunlarını, həm də mülki əraziləri hədəf alaraq tanklar, zəhərli qaz və artilleriya atəşindən istifadə etməyə başlayıb.

Bu arada, zəhərli qaz istifadəsi ilə bağlı iddialar əvvəllər də Kamboca tərəfindən qaldırılmışdı, lakin onun yalan olduğu sübut edilmişdi.

Tailand da Kambocanı günahlandırıb, bildirib ki, hücumları onlar başlayıb, lakin zəhərli qaz ittihamlarına cavab verməyib.

Qeyd edək ki, iki ölkə arasında iyulda başlayıb 48 nəfərin ölümünə, 300 min nəfərin isə ev-eşiyindən didərgin düşməsinə səbəb verən beşgünlük hərbi münaqişəyə cəmi altı həftə əvvəl Trampın vasitəçiliyi ilə əldə olunmuş sülh sazişi ilə son qoyulub. Tərəflər imzalanmadan sonra da bir-birini sazişi pozmaqda ittihamlamağa davam ediblər və sonda Tailand noyabrda sazişdən çoxdığını açıq şəkildə bəyan edib.

Zaman-zaman qaynayan bölgənin ən ağır zərbəsi təbii ki, orada yaşayan yerli əhaliyə dəyir. Tailand hakimiyyəti dörd ştatın sərhəd bölgələrindən 385 mindən çox mülki şəxsin təxliyə olunduğunu bildirib. Bazar ertəsi səhəri etibarilə sığınacaqlarda 35 min insanın qeydiyyata alındığını, daha çox insanın qohumlarının evində qaldığı bildirilib.

Kamboca tərəfindəki kəndlər də təxliyə edilib. İnformasiya Nazirliyi 1157 ailənin təhlükəsiz zonalara köçürüldüyünü açıqlayıb.

Atəşkəs razılaşmasına vasitəçilik edən şəxslərdən olan ASEAN sədri və Malayziyanın Baş naziri Ənvər İbrahim iki ölkəni eskalasiyadan çəkinməyə çağırıb, münaqişənin "iki qonşu arasında münasibətləri sabitləşdirmək üçün indiyə qədər göstərilən səyləri sarsıda biləcəyi" barədə xəbərdarlıq edib. Amma ASEAN üzvü olan bu iki ölkə üçün Ənvər İbrahimin çağırışı yetərlidirmi?

Saziş ləğv edilə bilər

May ayında mübahisəli bölgədə yaşanan qısamüddətli toqquşmada Kamboca əsgərinin öldürülməsi ilə gərginlik artıb. İyulda qisas tammiqyaslı münaqişəyə çevrilib. Amma Donald Trampın təzyiqi, Malayziya və Çinin səyləri nəticəsində atəşkəs əldə edilib.

Lakin razılaşma kövrək olaraq qalır. Ötən ay Tailand atəşkəsin dayandırıldığını bildirərək, Kambocanın sərhəd boyunca yeni minalar basdırdığını iddia edib.

Fransanın mirası

Əslində, Tailandla Kamboca arasında gedən mübahisənin tarixi Fransanın 1953-cü ildə Kambocanı işğal etdiyi dövrdə sərhədin ilk xəritəsini cızmasına gedib çıxır. Yəni münaqişənin ocağını məhz Fransa yandırıb. 817 kilometrlik sərhəd boyunca mübahisələr illər ərzində dəfələrlə millətçi əhval-ruhiyyənin təsiri ilə münaqişəyə çevrilib.

Fransa 1863-cü ildən 1953-cü ildə müstəqillik qazanana qədər Kambocanı müstəmləkə olaraq idarə edib. Digər tərəfdən, Tailand Cənub-Şərqi Asiyada müstəmləkə olmayan yeganə ölkə (Krallıq) idi. Fransa müstəmləkəsi dövründə bu iki ölkə arasında bir neçə dəfə torpaq mübadiləsi aparılıb və bu da sərhədlərdə dəyişikliklərə səbəb olub. 1907-ci ildə Fransa o vaxtlar Siam kimi tanınan Tailandı iki ölkənin sərhədlərini müəyyən edən müqavilə imzalamağa məcbur edib. Məhz indi Tailand həmin müqavilənin ədalətsiz olduğunu bildirir.

İki ölkənin 800 kilometrlik quru sərhədi boyunca dini və tarixi əhəmiyyətə malik bir çox Buddist tikililəri yerləşir. Bunlardan ən məşhuru Preah Vihear Məbədidir. 1907-ci il xəritəsinə görə, məbəd Kamboca ərazisində yerləşsə də, Tailand xəritənin reallıqları əks etdirmədiyini bildirir. 1943-cü ildə Yaponiya Qərb müstəmləkə ərazisini işğal etdikdə, Tailand həmin məbədi geri alıb. Lakin, İkinci Dünya Müharibəsindən sonra bölgə yenidən Fransanın nəzarətinə keçib və 1953-cü ildə Kamboca müstəqillik qazanana qədər belə qalıb. Fransanın geri çəkilməsindən sonra Tailand bölgəni yenidən işğal etməyə çalışıb, amma Kamboca müqavimət göstərib.

Kamboca bu mübahisəni 1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsində qaldırıb, məbədin Kambocaya məxsus olmasına dair qərar verilib. Təbii ki, Tailand bu qərarla asanlıqla razılaşmayıb.

2000-ci ildə Tailand və Kamboca sərhəd demarkasiyası prosesi başa çatana qədər mübahisəli ərazilərdə hərbi fəaliyyət və tikinti işlərini qadağan edən Anlaşma Memorandumu imzalayıb və Birgə Sərhəd Komissiyasını yaradıb.

2008-ci ildə Kamboca Preah Vihear Məbədini UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil etdikdə gərginlik yenidən alovlanıb. Tailand bu birtərəfli hərəkətin 2000-ci il Anlaşma Memorandumunu və status-kvonu pozduğunu iddia edib. Bu inkişaf ASEAN üzv dövlətləri arasında yarandığı gündən bəri ilk silahlı münaqişə olub.

2011-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi Kambocanın məbədin mülkiyyətini təsdiqləyib. Lakin bu qərar məbəddən kənarda digər mübahisəli ərazilərlə bağlı məsələləri həll etməyib.

Bu günə qədər Birgə Sərhəd Komissiyasının çoxsaylı görüşlərinə baxmayaraq, o, mənalı bir konsensusa gələ bilməyib. Kamboca məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə qaytarılmasını tələb edir. Əvvəllər Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı qərar çıxaran Tailand məsələni ikitərəfli danışıqlar yolu ilə həll etməyə üstünlük verir.

Elitalar arasında müharibə

Ekspert Coşua Kurlantzik iddia edir ki, Tailandla Kamboca arasındakı müharibə, ölkənin elitaları istəmədikcə, asanlıqla bitməyəcək. Asiya-Sakit okean üzrə ekspert Kurlantzik iki ölkənin daxili siyasətinin olduqca mürəkkəb və kövrək olduğunu bildirir.

Bu yaxınlarda vəzifəsindən azad edilən Tailandın eks baş naziri Paetongtarn Şinavatra, bu elitaların münaqişədəki rolunu açıq şəkildə nümayiş etdirir. O, Kambocanın keçmiş baş naziri və indiki baş nazir Hun Manetin atası Hun Senlə telefon danışığının sızmasından sonra vəzifəsindən uzaqlaşdırılıb. Bu zəngdə o, Tailand ordusuna qarşı alçaldıcı ifadələr işlədib və Hun Senə “əmi” deyə müraciət edərək ölkənin nüfuzuna xələl gətirib. Konteksti daha yaxşı başa düşmək üçün qeyd etmək vacibdir ki, Paetongtarn Şinavatranın atası Taksin Şinavatra 2001-ci ildən 2006-cı ilə qədər Tailandın baş naziri vəzifəsində çalışıb və o vaxtkı Kambocanın baş naziri Hun Senlə yaxın dostluq münasibətləri qurub. Buna görə də, Paetongtarn Şinavatranın “əmisi” Hun Senlə görüşü şəxsi idi. Bu görüşün sızması iki ailə arasındakı ittifaqın pozulmasını göstərir. Hun Sen öz təsirini artırmaq üçün Tailandın daxili siyasi qarışıqlığından istifadə etməyə çalışır kimi görünür. Hun ailəsi hazırda Kambocanın hakimiyyətinə tam nəzarət edir.

Hun Sen ailəsinin Kambocanın iqtisadi axınlarının əhəmiyyətli bir hissəsinə nəzarət etdiyi deyilir. Bu fəaliyyətlərə onlayn qumar oyunları, qanunsuz ağac ticarəti və insan alveri daxildir ki, bunlar da Tailand iqtisadiyyatına xüsusilə mənfi təsir göstərir. Tailand hökumətinin bu fəaliyyətlərə mane olması mövcud sərhəd böhranını qızışdıran amil hesab edilə bilər.

Bununla yanaşı, Tailand çevrilişlərə meyilli ölkədir. Bu çevrilişlərin əksəriyyəti hərbçilər tərəfindən həyata keçirilib. 2006-cı il çevrilişində vəzifəsindən kənarlaşdırılan mülki baş nazir Taksin Şinavatra hərbçilər üçün təhlükə olaraq qəbul edilirdi. Krallığın təsirini azaltmaq üçün atdığı addımlar onun ordu və kral tərəfdarı elitalarla münasibətlərini də gərginləşdirib. Taksin də fərqli deyildi; onun populist siyasəti əhəmiyyətli iqtisadi maraqlarla idarə olunurdu. Çevriliş yolu ilə sürgün edildikdən sonra belə, o, Dubayda dəbdəbəli həyat yaşayıb. Bacısı Yinqlak Şinavatra 2011-ci ildə Tailandın baş naziri seçilib, lakin ordu onu da devrib.

Bundan əlavə, Cənub-Şərqi Asiya ölkələrində millətçi əhval-ruhiyyə olduqca güclüdür. Bu, münaqişədə ictimai rəyin rolunu daha da artırır. Nəticə etibarilə, telefon qalmaqalından qısa müddət sonra minlərlə insan Paetongtarn Şinavatranın  vəzifədən uzaqlaşdırılması üçün etiraz edib. Tailand mübahisəli ərazini özününkü hesab edir, Kamboca isə Fransa müstəmləkə hakimiyyətinin mirası olan bu ərazini qorumağa çalışır. Əhalinin əksəriyyəti öz suverenliyini qorumaq üçün hərbi müdaxiləni dəstəkləyir.

Bəlkə də bu münaqişədən irəli gələn yeganə müsbət inkişaf ABŞ-nin tətbiq etdiyi Tramp tariflərinin 19 faizə endirilməsidir. Hansı ki, bu tarif qonşu İndoneziya və Malayziyada 19 faiz, Vyetnam və Banqladeşdə is 20 faizdir. ABŞ ilə ticarət müqaviləsi olmasaydı, münaqişənin aradan qaldırılması çox çətin olardı.

Nəticə

Tailandın iqtisadi qüvvəsi Kambocadan 11, hərbi büdcəsi isə 7 dəfə böyükdür. Əhalisinin sayına görə Kambocadan 4 dəfə böyük olan Tailandın 381 min, qarşı tərəfin isə 221 min əsgəri var. Kamboca hərbi hava qüvvələrinin ixtiyarında döyüş təyyarəsi yoxdur, yalnız 21 helikopter mövcuddur. Hansı ki, Tailandın arsenalında çoxu “F16” olmaqla 72 təyyarə,  258 helikopter var. Bu iki düşmən ölkənin tank gücü təxminən eyni olsa da, zirehli döyüş maşınlarının sayına görə fərq böyükdür. Kambocanın arsenalında 3627 döyüş maşını olduğu halda Tailandın beş dəfə artıq – 16935 zirehli döyüş maşını mövcuddur. Üstəlik, hərbi dəniz donanması baxımından da Tailand irəlidədir. Tailandın 293, Kambocanın isə cəmi 20 gəmisi var.

Kambocalılar onilliklər ərzində həm müstəmləkəçiliyə, həm də Tailanda qarşı savaş təcrübəsi olan xalqdır – lap əfqanlar kimi. Onların çox yüksək olan döyüş ruhu meydanda Tailandın daha üstün və müasir hərbi texnikasının təsirini azaldır. Ona görə də bu iki ölkənin lazımsız münaqişəsinin əsl müharibəyə çevrilməsinin qarşısını almaq üçün Çin və ABŞ-nin səyləri qalıcı görünmür. Bəlkə də bunu nəzərə alan ASEAN özü daha möhkəm sülh arayışındadır və bunun üçün ən ağır zəhmət təşkilatın sədri Ənvər İbrahimin çiyinlərindədir.

Qısası, tarixböyu özlərindən zəifləri qul edən Fransa və İngiltərənin timsalında, Avropanın tökdüklərini müasir dünyamız yığışdıra bilmir...

Seçilən
13
hafta.az

1Mənbələr