Kreml Zelenskinin bu şərtə qarşı çıxdığını bildirir və bölgənin Rusiya administrasiyaları tərəfindən idarə olunacağını vurğulayır...
Poliqon xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Donbasda atəşkəsin yalnız Ukrayna Silahlı Qüvvələrinin həmin ərazilərdən tam şəkildə çıxarılmasından sonra baş tuta biləcəyini bəyan edib. O, bu barədə “Kommersant” nəşrinə açıqlamasında danışıb.
Uşakovun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski son ana qədər Donbasdan qoşunların çıxarılmasına qarşı çıxıb.
“Bu, amerikalıların ona irəli sürdüyü tələblərdən biridir… Hər necə olur-olsun, bu ərazilər Rusiya Federasiyasının tərkib hissəsidir və bizim administrasiyalar tərəfindən idarə olunacaq”, deyə Putinin köməkçisi bildirib.
Kreml rəsmisi əlavə edib ki, atəşkəs yalnız Ukrayna ordusunun tam geri çəkilməsindən sonra mümkün ola bilər. Bu baş verdikdən sonra, onun sözlərinə görə, “danışıqlar aparmaq mümkün ola bilər”.
Uşakov həmçinin istisna etməyib ki, gələcək mərhələdə Donbas ərazisində nə Rusiya, nə də Ukrayna ordusu birbaşa şəkildə olmayacaq. O qeyd edib ki, bölgəyə Rusiya Milli Qvardiyası (Rosqvardiya) və polis qüvvələri göndərilə bilər və onların vəzifəsi “nizam-intizamı təmin etmək və mülki əhalinin həyatını təşkil etmək” olacaq.
Bundan əvvəl Uşakov bildirmişdi ki, Zelenskinin Avropa ölkələrinə səfərləri ABŞ-ın sülh planına Rusiya üçün qəbuledilməz şərtlər əlavə etməyə yönəlmiş ola bilər.
Poliqon.info