AZ

Niderland Müdafiə Nazirliyi “Rheinmetall” şirkətinə “Skyranger” sistemlərinin təchizatını sifariş verib

Berlin, 12 dekabr, AZƏRTAC

Niderland Müdafiə Nazirliyi “Rheinmetall” şirkətinə Silahlı Qüvvələr üçün çoxsaylı “Skyranger” zenit müdafiə sistemlərinin təchizatını sifariş verib.

AZƏRTAC şirkətin saytına istinadla xəbər verir ki, sifarişin dəyəri bir neçə yüz milyon avro təşkil edir. İlk “Skyranger” silah platformalarının 2028-ci, son partiyanın isə 2029-cu ilin sonuna qədər çatdırılması nəzərdə tutulur. Bu platforma standart “Skyranger-30” qülləsindən və daşıyıcı konstruksiyadan ibarətdir. Bu həll sayəsində sistem həm zirehli döyüş dəstək maşınlarına mobil şəkildə quraşdırıla, həm də yerüstü, stasionar şəkildə tətbiq oluna bilər.

Niderland stasionar istifadə üçün nəzərdə tutulmuş taktiki idarəetmə konteynerləri və nəqliyyat platformaları da sifariş edib. Təchizat paketinə Niderlandın mövcud hava hücumundan müdafiə sisteminə inteqrasiya, stasionar simulyatorlar və geniş həcmli inteqrə olunmuş logistika dəstəyi də daxildir.

Çeviklik və dəqiqlik tələblərinə cavab verən “Skyranger 30” sistemi yaxın məsafədən gələn müasir təhdidlərə qarşı çox effektiv vasitədir. Modul quruluşa malik qüllə 30×173 millimetrlik güclü top, izləmə radarı və digər vacib sensorlarla təchiz olunub. Gələcəkdə sistemə əlavə olaraq yer-hava raketləri kimi başqa silahlar da quraşdırıla bilər. Konstruksiyanın ağıllı və çevik olması, geniş hədəf bucağı və müasir sensorlar sistemə həm müstəqil, həm də şəbəkə vasitəsilə idarə olunan rejimdə işləməyə imkan verir. Proqramlaşdırıla bilən “Airburst” tipli sursat isə havada dronun yaxınlığında partlayaraq onu zərərsizləşdirmək üçün nəzərdə tutulub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
134
azertag.az

1Mənbələr