Bakı, 12 dekabr, AZƏRTAC
ABŞ Avropa İttifaqına üzv dövlətlərdən 2026-cı ilin əvvəlində Qəzza sektorunda yerləşdirilə biləcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə qoşun göndərmələrini tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri avropalı diplomatlara bildiriblər ki, üzv dövlətlər Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə hərbçi göndərməsələr və ya Qəzzada fəaliyyətə başlayacaq beynəlxalq qüvvələrə dəstək olmasalar, İsrail ordusu sektoru tərk etməyəcək.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edərək 250-dən çox yəhudini əsir götürüb. İsrail buna cavab olaraq Qəzza sektorunda hərbi əməliyyata başlayıb. Bombardmanlar nəticəsində indiyədək həlak olan fələstinlilərin sayı 70 mini keçib, yüz minlərlə insan isə yaralanıb.
Bu il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Birləşmiş Ştatların Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı razılığa gəlib. Razılaşmaya uyğun olaraq, İsrail qüvvələri sektorun 50 faizdən çoxuna nəzarəti əllərində saxlayır.
ABŞ Prezidenti Donald Tramp dekabrın 25-dək Qəzzada sülh sazişinin ikinci mərhələsinin başlandığını elan etməyi planlaşdırır. Sazişin ikinci mərhələsi İsrail qoşunlarının sektordan çıxarılmasını, Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin ora yerləşdirilməsini və Sülh Şurası da daxil olmaqla Qəzzanı idarə edən strukturların işə başlamasını nəzərdə tutur.