ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı (Aİ) Moskvanın “kölgə donanması”na yeni zərbə vurmağa və mövcud dəniz qanunvericiliyini daha sərt şəkildə tətbiq etməklə Rusiyanın hərbi gəlirlərini azaltmağa hazırlaşır.
Reyting.az-ın “EurActiv”ə istinadən verdiyi məlumata görə, Aİ-yə üzv dövlətlər hazırda BMT-nin Dəniz Hüququ Konvensiyasının birgə təfsiri üzərində işləyirlər. Bu təfsir milli orqanlara sualtı boru kəmərləri və kabelləri təhdid etməkdə şübhəli bilinən gəmiləri yoxlamaq üçün daha geniş səlahiyyətlər verəcək.
Qeyd olunur ki, son bir ildə “kölgə donanması” ilə əlaqəli gəmilərlə bağlı bir sıra dəniz dibi təxribatları baş verib. Lakin Avropa dövlətləri şübhəliləri məsuliyyətə cəlb etməkdə çətinlik çəkirlər.
Əsas problem gəmilərə minmək, axtarış aparmaq və heyəti saxlamaqla bağlıdır. “Kölgə donanması”na aid gəmilər saxta məlumatlardan istifadə edir və tez-tez bayraqlarını dəyişirlər. Bu, gəminin hansı dövlətə məxsus olduğunu müəyyənləşdirməyi çətinləşdirir.
Hazırda Avropa dövlətləri bayraqsız və ya saxta bayraq altında üzən gəmilərin açıq dənizlərdə yoxlanılması hüququnu müdafiə edirlər. Bildirilir ki, müəyyən bir bayraq altında qanunsuz üzən gəmilər də hədəfə alınacaq. Avropanın yaxın vaxtlarda yeni qaydalar tətbiq edəcəyi gözlənilir. Danimarka kimi bəzi ölkələr artıq Kremlin “kölgə donanması”na qarşı nəzarət tədbirlərini gücləndiriblər.
Qeyd edək ki, Ukrayna da bu istiqamətdə fəal iş aparır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu yaxınlarda Odessada Rusiya “kölgə donanması”nın bir hissəsi olan və müvəqqəti işğal olunmuş Krımdan Ukrayna kənd təsərrüfatı məhsullarını qanunsuz daşıyan bir gəmini saxlayıblar.
Bundan başqa, dekabrın 10-da Ukrayna dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na məxsus “Daşan” tankerini vurub.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.