AZ

Pirotexniki vasitələr insan həyatını riskə atır - AÇIQLAMA

Pirotexniki vasitələr partlayıcı maddələr kateqoriyasına daxildir və düzgün istifadə olunmadıqda bir anın içində ağır yanıqlara, barmaq və toxuma itkilərinə, göz zədələrinə, hətta ömürlük sağlamlıq problemlərinə səbəb ola bilər. Azyaşlılar bu riskləri tam dərk etmədikləri üçün fişəngin nə vaxt və hansı istiqamətdə partlayacağını əvvəlcədən təxmin edə bilmirlər. Təcrübədə tez-tez rast gəlinir ki, fişəng yerə qoyulur, alışmadığını zənn edən uşaq ona yaxınlaşır və məhz həmin anda partlayış baş verir. Nəticədə ağır xəsarətlər qaçılmaz olur.

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev deyib ki, fişənglərin evdə, həyətdə, balkonda və ya avtomobillərin yaxınlığında istifadə edilməsi yanğın təhlükəsini ciddi şəkildə artırır:"Çünki pirotexniki vasitələr istənilən yerdə tətbiq üçün nəzərdə tutulmayıb. Onlar təhlükəlilik səviyyəsinə görə müxtəlif siniflərə bölünür və sadə dillə desək, hər fişəng hər kəs tərəfindən istifadə oluna bilməz. Bəzi məhsullar yalnız peşəkarlar üçün nəzərdə tutulur və onların tətbiqi üçün xüsusi məsafə, avadanlıq və təlim tələb olunur. Təəssüf ki, çox vaxt insanlar məhsulun üzərində qeyd olunan təhlükəsizlik qaydalarına baxmadan fişəng alır və istifadə edirlər",-ekspert qeyd edib.

Orxan Musayevin sözlərinə görə, ən böyük təhlükə isə bu vasitələrin azyaşlıların əlinə keçməsidir. Halbuki normativ tələblərə əsasən pirotexniki məhsulların üzərində təhlükə sinfi, istifadə qaydası və yaş məhdudiyyəti açıq şəkildə göstərilməlidir. Yeni il dönəmində küçələrdə fişəng partladılması həm insanların fiziki təhlükəsizliyi, həm də ictimai asayiş baxımından ciddi risklər yaradır. Təsadüfən yoldan keçən bir insanın, uşağın və ya avtomobilin üzərinə düşən fişəng ağır xəsarət, qorxu hissi və ciddi maddi ziyana səbəb ola bilər. Bu məsələdə valideynlərin məsuliyyəti xüsusilə böyükdür. “Hamı edir, bizim uşaq da etsin” yanaşması təhlükəli və yanlış düşüncədir. Valideyn uşağın təhlükəni anlamadığını nəzərə almalı və nəzarəti əldən verməməlidir.

"Digər tərəfdən, bəzi yerlərdə pirotexniki məhsulların satışı uşaq oyuncağı qədər asan şəkildə aparılır. Halbuki qanunvericilikdə bu məhsulların satışına dair yaş məhdudiyyəti və təhlükəsizlik tələbləri mövcuddur. Qeyri-rəsmi satış nöqtələri isə çox zaman bu qaydaları pozur. Bu səbəbdən nəzarət mexanizmləri gücləndirilməli və qayda pozan satıcılara qarşı ciddi cərimələr tətbiq edilməlidir. Əhalini bu mövzuda müntəzəm maarifləndirilmək də əsas məqamlardandır.

Nəticə etibarilə, fişəng bayramın əsas şərti deyil. Təhlükəsizlik olmayan yerdə bayramın olması da mümkün deyil",- O. Musayev əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
168
50
missiya.az

10Mənbələr