Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif edib.
Təkliflə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı Xəzər dənizində mövcud problemləri dilə gətirib və Xəzərin suyunun quruması ilə əlaqədar həyəcan təbili çaldı.
"Eyni zamanda, Xəzər dənizinin flora və faunasının qorunması üçün təxirəsalınmaz işlərin görülməsinin vacibliyinə diqqət çəkdi. Mən düşünürəm ki, artıq bütün region dövlətlərini Xəzər dənizinin qarşılaşdığı mövcud problem narahat edir. Böyük ehtimalla Xəzəryanı dövlətlərin ölkə rəhbərlərinin və xüsusi komissiyalarının bu məsələ ilə bağlı bir araya gəlməsi, problemin həlli üçün strateji planın hazırlanmasının zamanı çoxdan çatıb və yəqin ki, bu məsələlər yaxın dövrdə reallaşacaq. Azərbaycan və Qazaxıstan prezidentlərinin təşəbbüsləri digər dövlətlər tərəfindən də dəstəklənəcək və Xəzərin mövcud problemlərinin aradan qaldırılması üçün xüsusi tədbirlər həyata keçiriləcək. Çünki yalnız bir dövlətin istəyi ilə Xəzərin problemlərini həll etmək mümkün deyil. Xəzər Xəzəryanı dövlətlərin hər biri üçün önəmlidir və hər kəsin bu problemi aradan qaldırmaq öhdəliyi var. Bu baxımdan, dövlətlər birlikdə səylər ortaya qoymalı, qərarlar qəbul etməli və problemin həlli üçün birgə fəaliyyət proqramı reallaşdırmalıdır", - deyə o yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI