AZ

Ulu Öndərin azərbaycançılıq ideologiyası ilə ölkəmizdəki bütün xalqların milli birliyinə nail olundu - Ağasəlim Həsənov

Bakı, 12 dekabr, AZƏRTAC

Görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişafında çox önəmli rola sahib olan şəxsiyyətlərdən biridir. Dövlətçiliyin inkişafının əsas istiqamətlərindən biri də cəmiyyət daxilində milli birliyə və həmrəyliyə nail olmaqdır. Azərbaycan cəmiyyəti polietnik bir cəmiyyətdir. Burada tarixən müxtəlif xalqların nümayəndələri və dini inanc sahibləri bir ailə kimi yaşayıblar. Multikulturalizmin Azərbaycanda tarixi kökləri vardır. Bu əsaslar üzərində dövlətçilik təməllərinin atılması, onun inkişaf etdirilməsi ən vacib məsələlərdən biri idi. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra faktiki olaraq cəmiyyətdə etnik dini zəminində müxtəlif fikir ayrılıqları, dezinteqrasiya prosesləri baş verirdi. Daxili və xarici düşmən qüvvələr Azərbaycanda həmin dövrlərdə baş verən proseslərə hansısa formada dəstək verərək faktiki olaraq Azərbaycan dövlətçiliyini təhlükə altına qoymuşdular. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmaqla bütün dezinteqrasiya proseslərinin qarşısını aldı. Ölkədə milli birliyə və həmrəyliyə əsaslanan bir ideoloji fəlsəfə ortaya qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürməklə etnik dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların milli birliyinə nail olmuşdu.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi dosent Ağasəlim Həsənov deyib. O qeyd edib ki, ötən əsrin 90-cı illərində Azərbaycanda multikulturalizm bir anlayış olaraq populyar olmasa da, Ulu Öndərin ideoloji birlik anlamında həmin dövrlərdə həyata keçirdiyi siyasət, gördüyü işlər və cəmiyyətdə milli həmrəyliyə nail olması ölkədə faktiki olaraq multikultural mühitin yaranmasının əsasını qoydu: “Sonradan isə bu siyasət davam etdirildi və növbəti inkişaf mərhələlərinə qədəm qoydu. Nəticə olaraq, bu gün Azərbaycan multikulturalizm modeli başqa ökələrdə də tədris olunmaqdadır. Azərbaycan Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində özünün multikulturilazim modelini yarada bildi. Azərbaycanın multikulturalizm modeli onun keçmişində, mütəfəkkirlərinin, yazıçılarının ideyalarında həmişə mövcud olub. Amma onu faktiki olaraq tətbiq edən, Azərbaycan multikulturalizm modelinin yaranmasının əsaslarını qoyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur”.

 

Seçilən
15
azertag.az

1Mənbələr