Bakı, 12 dekabr, AZƏRTAC
Qadağan olunmuş əşyaların müsadirə edilməsi məqsədilə Fransa həbsxanalarında genişmiqyaslı əməliyyatlar davam etdirilir.
AZƏRTAC “Le Figaro”ya istinadla xəbər verir ki, bu ölkənin ədliyyə naziri Jerald Darmanin BFM TV-də 80 həbsxanada aparılan axtarışlar nəticəsində 1100 mobil telefonun, 10 kiloqram narkotikanın və 1500 qadağan olunmuş əşyanın - “ağıllı” eynəklərin və s.-nin müsadirə edildiyini açıqlayıb.
“Həbsxanalarımızda qayda-qanunu bərpa etməliyik”, - deyən nazir gələn il işçi çatışmazlığını aradan qaldırmaq üçün min nəfər həbsxana mühafizəçisinin işə götürüləcəyini də bildirib. O ümumilikdə həbsxana sisteminə hazırda təxminən 4 min əlavə mühafizəçinin tələb olunduğunu diqqətə çatdırıb.
Fransa həbsxanalarında müvafiq əməliyyatların ilin sonunadək davam edəcəyi bildirilir.