Bakı, 12 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda tətbiq edilən müasir və beynəlxalq tələblərə uyğun qida təhlükəsizliyi sistemi yerli məhsullarımızın həmin tələblərə uyğunlaşmasını təmin etməklə onların beynəlxalq ticarətinin asanlaşmasına, ayrı-ayrı ölkələr və məhsullar üzrə ixraca icazələrin alınmasının asanlaşmasına gətirib çıxarır.
Bu barədə AZƏRTAC-a açıqlmasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev bildirib. R.Nəbiyev qeyd edib ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda məhsulların etiketlənməsi, qablaşdırılması və istifadə olunan qablaşdırma materialları ilə bağlı tələblər də öz əksini tapır ki, bunlar da məhsulların təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə əlavə olaraq məhsullarla bağlı beynəlxalq tələblərdən irəli gəlir.
“Qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə riayət edilməsi həmin məhsulun bu göstəricilər üzrə beynəlxalq standartlara da uyğunlaşmasını birbaşa təmin edir. Bu da öz növbəsində ixrac zamanı əlavə maneə yaranmasının qarşısını alır. Başqa bir nümunə ixrac məhsulları daşınan zaman istifadə olunan taxta paletlər və altlıqlarla bağlıdır. Bu məhsullar bitki zərərvericilərinin daşıyıcısı olduğu üçün, beynəlxalq tənzimləməyə əsasən zərərvericilərin bir ölkədən digərinə daşınaraq yayılmasını və daşındığı ölkələrdə əvvəllər olmayan yeni bitki xəstəliklərinin yaranmasının qarşısının alınması məqsədilə fumiqasiya olunaraq zərərsizləşdirilməlidirlər.
Gördüyünüz kimi, nəinki məhsulların özü ilə bağlı beynəlxalq və ayrı-ayrı ölkələrin spesifik qida təhlükəsizliyi, bitkiçilik məhsuludursa, karantin xəstəliklərindən azad olması, heyvan mənşəli məhsuldursa, sağlam heyvanlardan əldə olunması, təhlükəli yoluxucu xəstəliklərdən azad olması, etkiket və qablaşdırma tələbləri, hətta daşınma üçün istifadə edilən taxta paletlərlə bağlı belə beynəlxalq dezinfeksiya və zərərsizləşdirmə tələbləri var. Bunlardan hər hansı birinin təmin edilməməsi ixrac zamanı ciddi maneələə səbəb olur. Bu baxımdan ölkəmizdə beynəlxalq tələblərə uyğun qida təhlükəsizliyi sisteminin qurulması və tətbiq edilməsi yerli məhsullarımızın ixracı üzrə də mühüm əhəmiyyət kəsb edir”, – deyə R.Nəbiyev vurğulayıb.