Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moskva Şəhər Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru və səkkiz hakimini qiyabi olaraq 3,5 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu barədə Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu məlumat yayıb.
Müttəhimlər sırasında BCM-in prokuroru Karim Xan, hakimlər Tomoko Akane, Rosario Salvatore, Serxio Uqal’de Godines, Haykel Ben Mahfud, eləcə də məhkəmənin sədri Pyotr Xofmanski və onun müavinləri Karransa Lus del Karmen İbanes, Bertram Şmitt və Rene Adelaida Sofi Alapini-Qansu yer alır.
Rusiya hüquq-mühafizə orqanları onları “qanunsuz cinayət təqibi”, “qanunsuz həbs” və beynəlxalq müdafiəyə malik şəxslərə qarşı “hücuma hazırlıq” ittihamları üzrə təqsirli bilib. Prokuror Karim Xana 15 il həbs cəzası verilib, digər şəxslərin cəzaları açıqlanmayıb.
İstintaq Komitəsi iddia edir ki, 2022-ci ilin fevral–mart aylarında Karim Xan “Rusiya vətəndaşlarını qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edib”, BCM rəhbərliyi isə hakimlərə “bilə-bilə qanunsuz həbs orderləri çıxarmaq” göstərişi verib.
Rusiya tərəfi konkret şəxsləri açıqlamasa da, bu işin Vladimir Putin və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova barəsində BCM-in çıxardığı həbs orderləri ilə bağlı olduğu əvvəlki məlumatlarda bildirilirdi. BCM 2023-cü ilin martında Putin və Lvova-Belova barəsində Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya deportasiyası ilə bağlı həbs orderi çıxarmışdı.
Bundan əlavə, BCM Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, eləcə də Hərbi Hava Qüvvələrinin keçmiş yüksək rütbəli komandirləri Sergey Kobılaş və Viktor Sokolov barəsində də həbs orderləri verib.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.