AZ

SOS: Xəzərdə Urmu fəaləkəti gözlənilir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son illər Xəzər dənizində suyun azalması müşahidə olunur və bu, region üçün ciddi ekoloji təhlükə yaradır. 

Suyun geri çəkilməsi nəticəsində Lənkəran rayonunda yeni quru sahələr meydana çıxıb. Dəniz səviyyəsinin enməsi ilə sahilboyu ərazilərdə əvvəllər qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu müəyyən edilib. 

Ekspertlər bildirirlər ki, suyun geri çəkilməsi torpağın duzlaşmasına, eləcə də duz və toz fırtınalarının artmasına səbəb ola bilər. Əgər vəziyyət davam edərsə, Xəzərətrafı regionlar Urmu gölündəki kimi ciddi ekoloji fəlakətlə üzləşə və yaşayış üçün əlverişsiz hala gələ bilər. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizi daxili göldür və onun əsas su mənbəyi ona axan çaylardır. 

Onun sözlərinə görə, çaylardan aşırı su istifadəsi ilkin mərhələdə görünməsə də, müəyyən müddətdən sonra ciddi ekoloji fəlakətə gətirib çıxarır: 

“Son 30 ildə dünyada olan daxili göllərin təxminən yarıdan çoxu əhəmiyyətli dərəcədə öz suyunu itirib. Bunların bir hissəsi isə tamamilə quruyub. Məsələn, biz Aral gölü, Urmiya gölü, Çab gölü haqqında “tamamilə quruyub” deyə bilərik. Çünki bu göllər əvvəllər çox müxtəlif və rəngarəng ekosistem xidmətləri təmin edən göllər idi. 

Burada həm balıqlar, həm də rütubət ərazilərdə yaşayan quşlar yaşayırdılar.

Adını sadaladığım göllər tamamilə bu funksiyalardan məhrum olublar və quruma prosesi gözlənilmədən baş verib. Çünki göllərdə suyun azalması ilkin etaplarda gözlə görünməyəcək qədər olur. Məsələn, biz göllərə tökülən çayların suyundan aşırı istifadə ediriksə, bu, göllərin səviyyəsində özünü dərhal göstərmir. 

Məhz müəyyən bir dövrdən sonra göstərməyə başlayır. Sonradan isə biz artıq ekoloji faciənin şahidi oluruq. Bu Aralda da, Urmiyada da belə olub və indi Xəzərdə baş verir”. 

Ekspert qeyd edib ki, Xəzər dənizində son illərdə müşahidə olunan səviyyə azalması həm təbii, həm də insan amilləri ilə bağlıdır: 

“Əlbəttə, Xəzərdə tarixi azalmalar olub. Xəzər dənizində tarixi azalmaların olması məhz onun daxili göl olması ilə bağlıdır. Çünki daxili göllərdə səviyyənin artıb-azalması müşahidə oluna bilər və Xəzər kimi böyük bir göldə bu artma-azalma daha iri miqyasda baş verə bilər. Amma hazırkı azalma həm də iqlim dəyişmələrinin təsiri ilə çayların suyundan aşırı istifadə nəticəsində baş verib. 

Məhz Nazarbayevdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də Xəzər haqqında danışarkən belə bir fikir irəli sürmüşdü ki, biz hər bir məsələdə iqlim dəyişmələrini günahlandıra bilmərik. Biz Xəzərə tökülən çayların suyundan aşırı istifadə edirik. Məsələn, belə bir faktı götürək ki, Volqa çayı üzərində olan su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdən çoxdur. Bu da əlavə itkilər deməkdir. Həm buxarlanma, həm də infiltrasiya nəticəsində suyun əlavə azalması müşahidə olunur”. 

Rövşən Abbasov əlavə edib ki, əgər adaptasiya planları həyata keçirilməsə, proses dönməz ola bilər: 

“Həştərxan vilayətində son illər əkin sahələrinin ümimi miqdarı kəskin şəkildə artmışdır. Digər çay hövzələrində də oxşar xüsusiyyətləri biz müşahidə edirik. Məsələn, Kür hövzəsində su götürmələri xeyli artıb. Türkiyə, Gürcüstan və Azərbaycanın özündə Kürdən olan su götürmələri əvvəlki illərə nisbətən artıb. Əlbəttə ki, bu, özünü Xəzərin səviyyəsində gec-tez göstərməli idi və göstərir də. Bu proses dönməz ola bilər. 

Əgər biz bu gün adaptasiya planlaşdırmaları həyata keçirməsək, bu proses dönməz olacaq. Onu deyim ki, Azərbaycan bu prosesə artıq başlayıb. Məsələn, hazırda Şirvan kanalının bərpasını və böyüdülməsini görürük. Bu, təkcə ona görə deyil ki, əkin sahələri artırılacaq, bu, həm də Şirvan kanalında olan su itkilərini azaldacaq. Məhz bu milli adaptasiya proqramının əsas tərkib hissələrindən biridir ki, biz su itkilərini azaldaraq Azərbaycanın su təhlükəsizliyinə töhfə verək”. 

O bildirib ki, eyni proqramlar digər Xəzəryanı ölkələrdə də həyata keçirilməlidir: 

“Ümid edirəm ki, 5 Xəzər dövləti bir araya gələrək müəyyən öhdəliklər götürəcək və hər ölkənin ərazisindən Xəzərə axan çaylardan nə qədər suyun çatdırılacağı müəyyən olunacaq. 

Burada vacib məqam odur ki, biz bu prosesə Türkiyə, Gürcüstan və Ermənistandan da iştirak etməsini təmin etməliyik, çünki Xəzərə axan suların götürülməsində məhz onlar da iştirak edir. İran da bu məsələdə həm Xəzəryanı ölkə kimi həm də dolayı yolla Xəzərə axan suların azalmasında iştirak edir. Ölkələr bu məsələlərdə bir qədər məsuliyyətli olmalıdırlar. 

Məsuliyyət olmasa, nəticədə bizi geridönməz bir proses gözləyə bilər. Xəzər tam qurumasa da, su səviyyəsi əhəmiyyətli dərəcədə azala bilər. Bu da Xəzəryanı ölkələr üçün ekoloji fəlakətə səbəb ola bilər”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr