AZ

Yeni ildə hansı sahələrdə qiymət artımı gözlənilir ? - EKSPERT

“Yeni ilin başlanğıcı ilə qiymət dinamikasında müşahidə olunan artımın əsasən qida məhsulları, enerji və yanacaq, nəqliyyat-loqistika, tikinti materialları və səhiyyə xərcləri kimi fundamental sahələrdə daha kəskin hiss olunacağı proqnozlaşdırılır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Ekspertin sözlərinə görə,bu bahalaşma bir neçə qlobal və lokal amilin qarşılıqlı təsiri nəticəsində formalaşır.

“İlk olaraq, beynəlxalq enerji və ərzaq bazarlarında baş verən qiymət dəyişiklikləri daxili bazara birbaşa ötürülür. Neft və qazın dünya qiymətləri yüksəldikdə yanacaq və enerji istehsalı bahalaşır, bu isə nəqliyyat, daşınma və istehsal xərclərinin artmasına səbəb olur. Tədarük zəncirlərində müşahidə edilən gecikmələr, daşınma tariflərinin yüksəlməsi və loqistik risklər də məhsulların son qiymətinə təsir edən əsas faktorlardandır.

Kənd təsərrüfatı sahəsində iqlim dəyişiklikləri, məhsuldarlığın azalması və hava şəraitindən irəli gələn risklər qida məhsullarının maya dəyərini artırır. İdxaldan asılı olan mallar üçün isə valyuta məzənnəsindəki dəyişikliklər xüsusi rol oynayır: milli valyutanın zəifləməsi xaricdən gətirilən məhsulların bahalaşmasını daha da sürətləndirir.

Dövlət tərəfindən tətbiq olunan yeni vergi dərəcələri, tarif və rüsum dəyişiklikləri qiymətlərə əlavə təsir göstərərək ümumi inflyasiya təzyiqini gücləndirir. Qida və enerji kimi gündəlik istehlak olunan sektorlar bahalaşmanı daha operativ şəkildə əks etdirir, tikinti və xidmət sahələrində isə qiymət artımı daha mərhələli və yavaş şəkildə üzə çıxır.

Bazar iştirakçılarının davranışı, tələbin strukturu və makroiqtisadi tendensiyalar yeni ildə qiymətlərin formalaşmasında əsas rol oynayacaq, bahalaşmanın təsiri isə həm əhali, həm də biznes subyektləri tərəfindən müxtəlif intensivliklə hiss olunacaq”.

Günay Hacıyeva

Seçilən
5
1
sia.az

2Mənbələr