Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kalküta argentinalı futbol ulduzu Lionel Messiyə həsr olunmuş dünyanın ən hündür heykəlinin açılışına hazırlaşır.
"Yeni Sabah" xəbər verir ki, yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, dəmirdən inşa edilən və 70 fut (20 metrdən artıq) hündürlüyə malik heykəl Messinin Hindistana səfəri münasibətilə təqdim olunacaq.
Şəhərdəki bir idman klubu tərəfindən tikilən heykəl "Lake Town" məhəlləsində yerləşir və Dünya Kubokunu qaldıran Lionel Messini təsvir edir. Layihəni həyata keçirənlərin bildirdiyinə görə, heykəlin inşası təxminən 40 günə başa çatıb, hazırda isə son tamamlama işləri aparılır. Açılış mərasimi Messinin Hindistana səfərinin başlanğıcını simvolizə edəcək.
Bu səfər futbolçunun “GOAT Tour” adlanan turu çərçivəsində baş tutur. Messi üç gün ərzində ölkənin bir neçə mühüm şəhərinə baş çəkəcək: əvvəlcə Kalküta, daha sonra Haydarabad, Mumbay və Yeni Delhi. Argentinalı ulduz artıq Kalkütaya çatıb.
Qərbi Benqalın naziri və eyni zamanda təşkilatçı klubun prezidenti olan Sujit Bose bildirib ki, Lionel Messiyə həsr edilmiş bu ölçüdə başqa bir heykəl yoxdur. O xatırladıb ki, həmin klub daha əvvəl Kalkütaya səfər etmiş Dieqo Maradona, Ronaldinyo və argentinalı qapıçı Emiliano Martinez kimi futbol əfsanələri üçün də anım tədbirləri təşkil edib.
“Bu heykəl 70 fut hündürlüyündədir. Messiyə həsr olunmuş bu ölçüdə başqa bir heykəl mövcud deyil. Onu 40 gün ərzində inşa etdik”, – deyə Sujit Bose qeyd edib.
Təhlükəsizlik və ictimai asayiş səbəblərini əsas gətirən təşkilatçılar Messinin heykəlin yerləşdiyi əraziyə gedə bilməyəcəyini, buna görə də açılış mərasiminin onlayn formatda keçiriləcəyini açıqlayıblar. Buna baxmayaraq, Messinin şəhərə gəlişi Hindistan səfərinin rəsmi proqramına daxildir.
Heykəlin inşasını həyata keçirən "Sree Bhumi Sporting Club" bu layihənin Qərbi Benqalda Lionel Messinin geniş azarkeş kütləsinə ehtiram əlaməti olduğunu bildirib. Region güclü futbol ənənələri ilə tanınır və Messiyə olan maraq təkcə Hindistanda deyil, qonşu Banqladeşdə də çox böyükdür.
Əsmətxanım Rzazadə
Telegram kanalımız