Qahirə, 12 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfirliyində tədbir keçirilib. Tədbirdə səfirliyin diplomatik heyəti və Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirliyin inzibati binasının foyesindəki portreti önünə gül çələngi qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Adış Məmmədov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük sevgi və minnətdarlıq hissi ilə qeyd olunur, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin və böyük siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib.
Tədbirdə Ümummilli Liderin xalqımızın qarşısında əvəzsiz xidmətlərindən və dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışılıb. Qeyd edilib ki, Heydər Əliyev dağılmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanın qurucusudur. O, ölkəmizdə demokratik cəmiyyət formalaşdırıb, ölkənin sabitliyini və inkişafını təmin edib.
Səfir, həmçinin vurğulayıb ki, Azərbaycanın ən çətin günlərində, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev harada yaşamasından asılı olmayaraq hər kəsi ölkəmizin müstəqilliyini, suverenliyini qorumaq, əbədi etmək üçün vahid amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirib.
Diplomat məhz Ulu Öndərin müdrikliyi, siyasəti nəticəsində Azərbaycanın, sözün əsl mənasında, müstəqil dövlətə çevrildiyini qeyd edib. A.Məmmədov bildirib ki, Ulu Öndərin ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızı azad görmək olub. Bu gün Ümummilli Liderin ruhu şaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilik işğala son qoyaraq tarixi ədaləti bərpa edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edib.
Səfir Azərbaycanın yerləşdiyi mürəkkəb regionu nəzərə alan Ulu Öndərin dahi zəkası sayəsində ölkəmizin növbəti onilliklər ərzində müstəqil siyasi və iqtisadi siyasətinin formalaşdığını bildirib. Diplomat əlavə edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti və peşəkar idarəçiliyi ilə bu gün Azərbaycan regionun güclü dövlətinə çevrilib, ölkəmizin nüfuzu beynəlxalq münasibətlər sistemində gündən-günə artır və bu nailiyyətlərdən hər bir vətəndaşımız qürur duyur.
Tədbir iştirakçıları səfirliyin foyesində Heydər Əliyev guşəsi ilə tanış olublar. Guşədə Ümummilli Liderin keçmiş Sovet İttifaqı və Müstəqil Azərbaycan dövründəki fəaliyyətini əks etdirən, müxtəlif xarici dillərdə dərc olunmuş zəngin kitablar sərgilənib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə