"Dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklifini çox yüksək dəyərləndirirəm, çünki Xəzərin taleyini həll etmək yalnız bir dövlətin işi deyil".
Bu fikri Redaktor.az-a Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Xəzəryanı ölkələrə Xəzər dənizinin su ehtiyatlarının qorunması üçün dövlətlərarası proqramın yaradılmasını və bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsini təklif etməsindən danışarkən bildirdi.
"Bütün Xəzəryanı ölkələr bu məsələdə əlini daşın altına qoymalıdırlar. Rusiya, İran kimi dövlətlər də məsələdə dəstək verməlidirlər, çünki Xəzərin suyunun çəkilməsi böyük bir problem yaradır və su ehtiyatlarını qorumaq zərurətə çevrilib. Ona görə də hesab edirəm ki, Xəzəryanı dövlətlərin nümayəndələri bu istiqamətdə belə bir təşəbbüsü dəstəkləyəcək və ortaq dövlətlərarası proqramın hazırlanması mümkün olacaq", - deyə deputat vurğuladı.
Aytəkin TOFİQQIZI