AZ

Ermənistandan sülhə ŞOK TƏHDİD: Yenə “Dağlıq Qarabağ” ifadəsi – Məqsəd nədir? 

Aİ–Ermənistan tərəfdaşlıq gündəliyində “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər” ifadəsinin yer alması hazırda davam edən sülh danışıqları fonunda ciddi suallar doğurur. Çünki “Dağlıq Qarabağ” termini artıq nə hüquqi, nə də siyasi reallığa uyğun gəlmir. Azərbaycan 2020-ci il 10 noyabr bəyanatı və 2023-cü ilin sentyabr antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa edib, separatçı qurum ləğv olunub və bölgə üzərində alternativ idarəçilik mövcud deyil. Bu səbəbdən Aİ sənədində köhnəlmiş və faktiki olaraq mövcud olmayan bir ərazi vahidinin adının çəkilməsi Azərbaycanın ərazi bütövlüyünə dolayı formada toxunan yanaşma kimi qəbul edilə bilər.

“Dağlıq Qarabağdan didərgin düşmüş ermənilər” ifadəsinin sənəddə ayrıca vurğulanması həm də regionu yenidən xüsusi statuslu məkan kimi təqdim edir və humanitar məsələləri siyasiləşdirmək riski yaradır. Bu, Ermənistan tərəfinə əlavə siyasi arqument verə, danışıqlar zamanı qeyri-real tələblər irəli sürmək imkanını genişləndirə bilər. Halbuki bölgəni tərk edən erməni əhali bunu könüllü şəkildə edib və məsələ sırf humanitar xarakter daşıyır.

Bəs, məsələnin siyasi kontekstə salınması, xüsusilə “Dağlıq Qarabağ” adının yenidən dövriyyəyə gətirilməsi Ermənistan tərəfindən gələcəkdə manipulyasiya aləti kimi istifadə oluna bilərmi? Bu Azərbaycana hansı təhlükələrlə üz-üzə qoya bilər?

Məslə ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, son günlərdə yaşanan yeni proseslər göstərir ki, Avropa İttifaqı regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı deyil:

“Dekabrın 2-də Brüsseldə imzalanan məlum sənəd də bunu deməyə əsas verir və göstərir ki, Avropa İttifaqı burada münaqişənin dərinləşməsində birbaşa maraqlıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı kəskin bəyanat verib və öz mövqeyini açıqlayıb. Düşünürəm ki, Avropa İttifaqının bu cür addımları açıq-aşkar provokasiyadan başqa bir şey deyil. “Dağlıq Qarabağ” deyilən anlayış artıq tarixə qovuşub. 2020-ci il 8 noyabrda imzalanan üçtərəfli bəyanat və 2023-cü ilin 19–20 sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Xankəndi də daxil olmaqla Azərbaycanın suverenliyi tam bərpa edildi. Bununla da qondarma “respublika” tarixin zibilliyinə atıldı, “Dağlıq Qarabağ” ifadəsi isə siyasi leksikondan çıxmış oldu. Belə bir şəraitdə Avropa İttifaqının bu cür addımlar atması təbii ki, Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilir”.

Abbaslının sözlərinə görə bu, təsadüfi proses deyil:

“Çünki 18 avqustda Azərbaycan və Ermənistan arasında Ağ Evdə Donald Trampın birbaşa iştirakı ilə sülh sazişinə dair paraflanma sənədi imzalanmışdı. Bu sənəd sülhün əldə olunmasına doğru atılmış mühüm addım idi və görünür ki, Avropadakı müəyyən dairələr bunun fonunda prosesdən kənarda qaldıqlarını anlayaraq narahatlıq keçirməyə başlayıblar.

Bununla paralel olaraq, Avropa İttifaqı ilə Tramp administrasiyası arasında son günlərdə ciddi gərginlik müşahidə olunur. Ukrayna müharibəsi fonunda Trampın 28 bəndlik sülh planı hazırlaması Avropa İttifaqını hərəkətə gətirib. Onlar buna alternativ sənəd hazırlamağa cəhd göstərsələr də, görünən odur ki, Trampın planı daha keçərlidir. Əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi məhz Ağ Evin vasitəçiliyi ilə imzalansa, bu prosesdə əsas rolun ABŞ prezidentinə məxsus olması təbii ki, Avropa İttifaqını qıcıqlandırır. Məhz buna görə də onlar belə addımlar atırlar. Lakin hesab edirəm ki, bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycanın ərazi bütövlüyünə yönələn hər bir təhdid bu günə qədər layiqincə cavablandırılıb və bundan sonra da belə olacaq. Gələcəkdə də ciddi problem yaranacağını düşünmürəm. Çünki qeyd etdiyimiz kimi, “Dağlıq Qarabağ” artıq tarixdir. Qarabağ Azərbaycandır və Azərbaycan insanı Qarabağa əbədi olaraq qayıdıb, bundan sonra da qayıdış prosesi sürətlə davam edəcək”.

Şərhçi bildirib ki, Avropa İttifaqı bu riyakar siyasətindən əl çəkməli olacaq:

“Hazırkı bəyanat və açıqlamalar sadəcə olaraq çaşqınlıq yaratmaq üçündür. Lakin günün sonunda Avropa İttifaqı Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla yaxın əməkdaşlıq etməkdə maraqlı olduğunu göstərməyə məcbur qalacaq”.

Seçilən
41
nocomment.az

1Mənbələr