Rusiyada xərçəng dərmanı sınaqlarında böyük fırıldaqçılıq aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Sankt-Peterburqda xərçəng əleyhinə dərmanın sınaqları zamanı dələduzluq edən üç nəfərə – Mixail Zaxarov, Vladimir Vinoqradov və Vladimir Kriştopa hökm oxunub. Məhkəmə onlara 4 ildən 5,5 ilə qədər şərti həbs cəzası verib.
İstintaq müəyyən edib ki, bu şəxslər dərmanın sınağı üçün İTMO Universiteti tərəfindən ayrılan 20 milyon rublu (təxminən 426 731 manat) mənimsəyərək saxta sənədlər hazırlayıblar.
Məsələn, onlar İvanovo Kənd Təsərrüfatı Akademiyasında 52 siçovul üzərində xərçəng modelinin yaradıldığını iddia ediblər. Əslində isə həmin müəssisədə heyvan saxlamaq üçün laboratoriya olmayıb, siçovullara 5 ay ərzində sadəcə xadimə baxıb.
Alimlər heç bir real sınaq keçirmədən sifarişçiyə dərmanın təsirsiz olduğu barədə rəy veriblər. Lakin sonradan aparılan təkrar yoxlamalar dərmanın əslində effektiv olduğunu sübut edib.
Təqsirləndirilən şəxslər günahlarını etiraf edib və dəymiş ziyanın bir hissəsini ödəyiblər.
Xuraman Etibarlı
İnterpress.az