AZ

Heydər Əliyev anım günü – İlqam Cəbiyev yazır

Dekabrın 12-si Azərbaycan xalqı üçün təkcə bir anım günü deyil, həm də dövlətçilik yaddaşımızın ən önəmli səhifələrindən biridir. Bu gün biz müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirik. Onun həyatı, fəaliyyəti və ölkəmiz üçün etdiyi misilsiz xidmətlər zaman keçdikcə daha da aydın görünür.

Fəxri xiyabanda yaşanan sükut, insanların ziyarətə axını, abidə önünə qoyulan gül dəstələri – bütün bunlar Heydər Əliyevin xalqın qəlbində necə əbədi bir yer tutduğunu göstərir. O, Azərbaycanı çətin və taleyüklü dönəmlərdən çıxaran, dövlətimizi sabitliyə, inkişafa və güclü gələcəyə aparan lider idi. Müstəqilliyimizin qorunması, dövlət quruculuğunun möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi onun uzaqgörən siyasətinin bəhrəsidir.

Heydər Əliyev sadəcə dövlət başçısı deyildi, o, bir məktəb idi – vətənpərvərlik, peşəkarlıq, məsuliyyət və prinsipiallıq məktəbi. Bu gün ölkəmizin əldə etdiyi uğurlar, həyatın bütün sahələrində müşahidə olunan inkişaf məhz o məktəbin təməlində dayanır. Onun ideyaları bu gün də yaşayır və Azərbaycanı daha güclü bir gələcəyə aparır.

Ulu Öndərin xatirəsini anmaq – sadəcə keçmişi yada salmaq deyil. Bu, həm də böyük bir məsuliyyəti daşımaq, onun qurduğu müstəqil Azərbaycanı daha da möhkəmləndirmək deməkdir. Heydər Əliyevin arzusu güclü, müasir, daim yüksəlişdə olan bir Azərbaycan idi və bu gün biz həmin arzunu gerçəkləşən bir həqiqət kimi yaşayırıq.

Bu gün Ulu Öndəri anarkən qəlbimdən keçən bir hissi də xüsusi qeyd etmək istəyirəm:

Mən fəxr edirəm ki, Azərbaycanlıyam!

İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
DoğruTV | Doğru.az MMC-nin rəhbəri

Seçilən
20
dogru.az

1Mənbələr