AZ

BORT N-27-Hekayə Azərbaycanın Milli Qəhrəmanı, ilk hərbi təyyarəçimiz Vaqif Qurbanovun və digər qəhrəman pilotların əziz xatirəsinə həsr olunub


 Hekayə Azərbaycanın Milli Qəhrəmanı, ilk hərbi təyyarəçimiz Vaqif Qurbanovun və digər qəhrəman pilotların əziz xatirəsinə həsr olunub

 Şəhərlər yanırdı. Kəndlər viran qalmışdı. Hər tərəfdə tənha, tüstülənən divarlar sanki həyatın səsini udmuşdu. Cəbhə xətti deyil, bütün ölkə bir yanar cəbhəyə dönmüşdü.

Analar göz yaşı ilə uşaqlarını qucaqlayıb dağlara çəkilirdilər, qocalar doğma ocaqlarına son dəfə baxırdılar. Qapılar bağlı qalırdı, pəncərələr qırılmış, həyətlərdə isə itmiş oyuncaqlar…

Yollar qaçqınlarla dolu idi. Heç kim danışmırdı — çünki hər kəsin dərdi sözsüz idi.

Bu xaosun, bu ağrının içində bədbin xəbərlər gəlirdi. Vaqif xəbərləri eşidəndə nəfəsi kəsildi, sanki içindəki hava da yanırdı. 

O, hərbi reaktiv təyyarə sürən ilk azərbaycanlı pilot idi. Moskva yaxınlığındakı hərbi məktəbi bitirib orduda xidmətə başlamışdı. 

Əfqanıstanın səhralı, tozlu səmasında döyüşmüşdü. Təcrübəsi, cəsarəti və dəqiqliyi ilə seçilirdi.  Vaqif və yoldaşları çətin bir qərar verdilər: Su-25 hücum təyyarəsini qaçırmaq. 

Gecələrini plan qurmaqla, hər incə detala diqqət yetirərək keçirdilər.

Vaqif o gecə yuxusuz idi. Təyyarəni neçə dəqiqəyə qaldırıb necə lazım olan yerə endirəcəyini dəqiq hesablamışdı.  Bu işi on iki dəqiqəyə həyata keçirəcəyinə inanırdı.

Evdən çıxmazdan əvvəl iki aylıq körpə qızını qucaqladı, həyat yoldaşına baxdı. Amma vətən çağırırdı. Su-25 artıq onun üçün bir dəmir parçası deyildi — o, bütün məğrur, döyülmüş, amma sınmamış insanların son ümidi idi.

Gecənin qaranlığında təyyarənin qanadları ay işığında parıldadı. O parıltı sanki minlərlə insanın dua səsi idi.

Vaqif mühərriki işə saldı. Səssizcə pıçıldadı:

  — Bu Vətən üçün!

Mühərrik işə düşəndə sanki səmada nəsə dəyişdi. Soyuq metal onun ovucunda isinirdi. Gözlərini bağlayıb dərin nəfəs aldı:

  1. Bu mənim son uçuşum ola bilər… Amma bu uçuş xalqım üçün olacaq.

Təyyarə yerdən ayrıldı. Dağlar kiçildi, torpaq uzaqlaşdı. Vaqif təyyarəni vətənin yaralı sinəsəsinə endirdi. 

Böyük aviabazadan belə bir hərbi uçuş vasitəsini qaçırmaq mümkün olmayan iş hesab edilirdi. Lakin onlar bunu bacardılar. Bu, bir qəhrəmanlıq olayı idi. 

Səhərin boz işığında hava ağır idi. Qara buludlar dağların üzərinə çökmüş, sanki torpağın ağrısını örtməyə çalışırdı. Yerdə sükut, göydə isə bir nəfəs — Bort N-27.

 Səkkiz Aprel gecəsi Vaqif və yoldaşları planlarını həyata keçirdilər. Təyyarə havaya qalxdı, dəqiq hesablanmış manevrlərlə lazımi hədəfə çatdı və əməliyyat uğurla tamamlandı. Lakin hər şey bununla bitməmişdi. Hərbi helikopterlər və qırıcılar dərhal havaya qalxdılar və onu axtarmağa başladılar. 

Təyyarəni ferma yaxınlığında, saman yığınlarının altında elə məharətlə gizlətdilər ki, onu tapmaq üçün göndərilən xüsusi komissiya belə izinə düşə bilmədi.

 İlk döyüş səhər tezdən, gün doğmadan əvvəl başladı. Su-25-in mühərriki qaranlığı yara-yara işə düşdü. Vaqif dərin nəfəs aldı:

  1. Bizim səma hələ yaşayır.

         Təyyarə torpaqdan qopdu — və o anda göy onun üçün bir döyüş meydanına çevrildi. O, hədəfi dəqiq görmək üçün alçaqdan uçurdu, amma bunun özü də riskli idi.

Hava açıq, uçuş sabit idi. Elə bu anda sükutu parçalayan kəskin bir partlayış eşidildi — qəfil mərmi səsi… və zərbə. 

         Gövdəsi silkələndi, motorun səsi dəyişdi. Paneldə qırmızı işıqlar yandı. Təyyarə bir anlıq tarazlığını itirdi, uçuş sürəti kəskin azaldı. 

 — Vaqif, motor zədələnib, dərhal en!

Amma o, cavab vermədi. Barmaqları sükanın üstündə idi, gözləri uzaqda bir nöqtəyə dikilmişdi.

  1. Yox, mən hələ yerə düşməyəcəyəm.

Təyyarə titrəyirdi, amma idarəni itirmədi. Yalnız bir fikir vardı: 

  1. Geri qayıtmaq lazımdır — bu təyyarə yenə uçacaq.

Barmaqları atəş düyməsinə toxundu, hədəfə yönəldi. Sanki göyün özü alışdı. Partlayış səsi dağların qoynunda əks-səda verdi.

Düşmən cəbhəsində qarışıqlıq yarandı. Atəş açılırdı, mərmilər havanı yardı, amma o, qorxmadı.

— Bu səma bizimdir! — deyə qışqırdı və sonuncu raketi buraxdı.

Göy parladı. Sanki min illərin qaranlığı bir anlıq işığa çevrildi. Sonra — sakitlik. Təkcə küləyin səsi və yanmış torpağın qoxusu. 

Bort N-27 sanki öz missiyasını yerinə yetirmişdi. O gün tək bir təyyarə düşmənə qarşı durdu, amma bir millət üçün ümid oldu. 

O, zədələnmiş bort N-27-ni güclə döndərdi. Təyyarə alçaqdan enəndə motor artıq susurdu. Vaqif bütün gücü ilə onu yerə çırpmadan saxladı.

Kabinədən çıxdı. Əllərindən yağ axırdı, gözlərində isə işıq vardı.

— Bu hələ son deyil, — dedi.

Zədələnmiş motoru dəyişmək asan deyildi. Təyyarə  axtarışda idi. Amma vətənpərvər oğullar əlbir oldular. Kimisi ehtiyat hissələrini gətirdi, kimisi gecəyarısı aerodroma gələrək kömək etdi. Bəziləri dualar edirdilər — yetər ki, o təyyarə yenə uçsun.

Bort N-27 bir neçə dəfə yenidən göylərə qalxdı.

Gecənin sakitliyində motorun səsi yenidən eşidildi. Vaqif mühərrikin ritmini dinləyirdi. Səsi tanıyırdı — elə bil təyyarə onunla danışırdı.

— Hazırsan? — pıçıldadı.

Cavab motorun qısamüddətli uğultusu oldu.

Səhərin ilk işığında bort N-27 yenidən havaya qalxdı. Düşmən bu təyyarəni tanıyırdı. Onlar üçün o, artıq sadəcə bir pilot deyildi — qorxu idi. Harada Vaqifin Su-25-i görünsə, düşmən mövqelərində qarışıqlıq yaranırdı.

O, hər dəfə uçuşa qalxanda bircə cümlə pıçıldayırdı:

— Vətən üçün...

Günəş yenicə doğurdu... Göyün dərin maviliyində yüngül duman asılı qalmışdı. Hava sakit idi, amma sanki bu sakitliyin arxasında bir tufan yatırdı.

Vaqif səhər saatlarında təyyarənin yanına yaxınlaşdı. Əlini metal qanadın üzərinə qoydu — o sanki canlı idi, nəfəs alırdı.

Saat 09:00-da həmin günün ilk uçuşu baş tutdu. Sonra ikinci...

Üçüncü uçuşa qalxanda isə hər kəs bilirdi ki, bu, ən çətin missiyadır. Üç uçuşdan artıq uçmaq olmurdu, lakin o, dördüncü dəfə havaya qalxdı. O uçuşdan sonra döyüşçülərin mühasirəyə düşdüyü məlum oldu. Vaqif beşinci dəfə göyə qalxmalı oldu. 

Onun təyyarəsi aşağıdan uçurdu. Dağların arxasından qalxan tüstü düşmən mövqelərini göstərirdi. Radio dalğalarında gərginlik hiss olunurdu.

Vaqifin səsi sakit, amma qəti idi:

— Hədəfi görürəm... hücuma keçirəm.

Təyyarə dağların üstündən keçdi. Qanadlarının səsi küləyi yarırdı, yer titrəyirdi. Düşmən artilleriyasının mərmiləri alov kimi ətrafı bürüyürdü.

Birdən kabinənin içində qırmızı işıq yanıb-sönməyə başladı. Təyyarənin gövdəsi silkələndi, motorun səsi dəyişdi. Bir partlayış səsi eşidildi — Vaqifin təyyarəsi vurulmuşdu.

O, idarəetməni itirməməyə çalışdı, amma artıq gec idi. Təyyarə alov içində aşağı enirdi.

Göyün mavi üzünə qara tüstü yayılmışdı.

Vaqif son dəfə, əllərini idarə panelindən ayırmadan pıçıldadı:

— Ana torpaq... mən gəlirəm...

Son anda o, paraşütü açmağa nail oldu. Ağ parça göydə bir ümid kimi açıldı. O, küləyin ağuşunda yerə doğru enirdi. Amma düşmən atəşi səngimirdi — mərmilər, güllələr onun ətrafında şimşək kimi çaxırdı.

Kimsə onu daha görmədi. O gün səma susdu.

Sonradan axtarışlar aparıldı. Nə təyyarənin qalıqları, nə də Vaqifin özü tapıldı. Onun qəhrəmanlığı, sədaqəti, Vətənə olan sevgisi dillərdə dastana çevrildi.

İndi o, göydədir — hər bahar külək səssizcə dağlara toxunanda sanki Vaqifin təyyarəsinin səsi eşidilir. Göylər onunla danışır:

— Unudulmadın...

 Onun təyyarəsi tapılmadı, amma ümidinin qanadları hələ də Vətən səmasında uçur. Çünki qəhrəmanlar ölmürlər — onlar göylərin yaddaşında yaşamağa davam edirlər.

 Hekayə real hadisələrdən ilham alınaraq yazılmış bədii əsərdir.

 Müəllif: Leyla Fərat,

 yazıçı, filoloq, tərcüməçi


Seçilən
34
azia.az

1Mənbələr