“Moskvada Ermənistan səfirliyi qarşısında keçirilən aksiya ilk növbədə ölkə daxilindəki narazı siyasi dairələrin Rusiyadakı diaspor üzərindən Paşinyana təzyiq göstərmək cəhdi kimi görünür. Paşinyanın Moskva səfəri fonunda belə bir etirazın təşkili Kremlin Ermənistan rəhbərliyinə yönəlik narazılığını ictimai müstəviyə çıxarmaq üçün əlverişli alət ola bilər”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, aksiyanın zamanlaması da təsadüfi deyil:
“Rusiya uzun müddətdir Paşinyanın Qərblə yaxınlaşmasını açıq narazılıqla müşahidə edir və bu cür mitinqlər Moskvanın mesajlarını birbaşa demədən, “kənar aktorlar” vasitəsilə ötürməsinə imkan yaradır”.
Politoloq qeyd edir ki, digər tərəfdən, aksiya Rusiyadakı erməni ictimaiyyətinin də Paşinyanın siyasətinə tənqidi münasibətinin dərinləşdiyini göstərir.
“Xüsusilə Ermənistanın KTMT-dən uzaqlaşması, Rusiya ilə əməkdaşlıq mexanizmlərini zəiflətməsi və Qarabağ sonrası balansın dəyişməsi Moskvaya yaxın dairələrdə Paşinyana qarşı narazılığı artırıb. Aksiyanın məhz səfər zamanı keçirilməsi həm Paşinyana psixoloji təzyiq mesajı, həm də Moskvanın “bizimlə hesablaşmasan, ölkə daxilində də narazılıq artacaq” tipli dolaylı siqnalı kimi qəbul oluna bilər. Bu da Ermənistan–Rusiya münasibətlərində gərginliyin daha dərin mərhələyə keçdiyini göstərir”.
Aynurə İsmayıl
KONKRET.az
