AZ

Ulu Öndərin müəyyən etdiyi yol Azərbaycanı daha böyük hədəflərə doğru aparır

Tovuz, 12 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Tovuz şəhər mədəniyyət və istirahət parkında yerləşən abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi dərin ehtirama anılıb.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirib ki, Heydər Əliyev ömrünü xalqına həsr etmiş şəxsiyyətdir. Onun ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dövlət institutları formalaşdırıldı, hüquq-mühafizə sistemi möhkəmləndirildi, ordu quruculuğu sürətləndirildi və ən əsası – Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Dahi şəxsiyyətin Azərbaycanın bölgələrinə, o cümlədən Tovuza göstərdiyi xüsusi diqqət və qayğı hər zaman yaddaşlardadır. Onun rəhbərliyi dövründə rayonda kənd təsərrüfatı, təhsil, infrastruktur, sosial sahələr üzrə mühüm layihələr gerçəkləşib. Xalqımız bu gün Heydər Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, onun Azərbaycan üçün gördüyü işlərin böyüklüyünü, dəyərini bir daha dərk edirik. Ulu Öndərin ideyaları yaşayır, onun müəyyən etdiyi yol Azərbaycanı daha böyük inkişaf hədəflərinə doğru aparır.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı və müasir Azərbaycanın banisidir. Ulu Öndərin uzaqgörən siyasəti, ölkənin inkişafı naminə gördüyü böyük işlər, xalqına olan sonsuz məhəbbəti bu gün də dövlət idarəçiliyinin əsas istiqamətlərini formalaşdırır. Heydər Əliyevin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə dinamik inkişaf yolundadır.

Daha sonra Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Seçilən
34
azertag.az

1Mənbələr