Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın yaddaşında əbədi yaşayan Lider” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himninin səsləndirilməsi və Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpası, qorunub-saxlanılması, möhkəmləndirilməsi və milli ideologiyanın elmi əsaslarla formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətləri diqqətə çatdırıb. O deyib ki, Ulu Öndərin siyasi xətti bütövlükdə müasir Azərbaycan tarixinin inkişaf trayektoriyasını müəyyən edən strateji kursdur. İlqar Niftəliyev Heydər Əliyevin elmin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayaraq, bu gün ölkədə elmin inkişaf dinamikasının Ulu Öndərin müəyyən etdiyi konsepsiya ilə uzlaşdığını bildirib.
Dəyirmi masada “Heydər Əliyev və Azərbaycan milli elminin strateji əsaslarının yaradılması”, “Heydər Əliyev: Xalqa və dövlətə xidmətin parlaq nümunəsi, “Heydər Əliyevin zəngin idarəçilik irsi Azərbaycan xalqının milli sərvətidir” mövzularında məruzələr dinlənilib.