Dövlət Miqrasiya Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Eyni zamanda Dövlət Miqrasiya Xidmətində Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Əvvəlcə Dövlət Miqrasiya Xidməti aparatında yerləşən Heydər Əliyev muzeyi ziyarət olunub. Xidmətin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib və görkəmli dövlət xadimi Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müasir dünya tarixində parlaq iz qoymuş, bütün ömrünü Vətəninə və xalqına həsr edən dahi dövlət xadimi Heydər Əliyevin nümunəvi həyat yolundan, milli dövlətçiliyimizin formalaşmasında və möhkəmləndirilməsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimizin inkişaf strategiyasının əsasını təşkil edir.
Tədbirin sonunda Ümummilli Liderə həsr edilmiş sənədli film nümayiş olunub.