AZ

Devlet Bahçeli ilə DEM Partiyasının İmralı heyəti arasında görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə DEM Partiyasının İmralı üzrə nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş “terror­suz Türkiyə” prosesinin davamı çərçivəsində baş tutub.

Məlumata görə, DEM Partiyasının İmralı heyətinə Pervin Buldan, Mithat Sancar və Faik Özgür Erol daxil olub. Görüşdən əvvəl nümayəndə heyəti DEVA Partiyasının sədri Ali Babacanla da bir araya gəlib.

Görüşdən sonra mətbuata açıqlama verən DEM Partiyasının üzvü Pervin Buldan görüşü “məhsuldar” adlandırıb. Onun sözlərinə görə, proses yeni mərhələyə daxil olub və bu mərhələdə hüquqi və qanunvericilik bazasının formalaşdırılmasına ehtiyac yaranıb.

Buldan bildirib ki, ikinci mərhələdə əsas gözlənti xüsusi barış qanununun qəbul edilməsidir. O, qanunvericiliklə bağlı mövqelərini Devlet Bahçeli-yə çatdırdıqlarını və MHP liderinin prosesə indiyədək mühüm töhfə verdiyini vurğulayıb.

MHP sədri Devlet Bahçeli isə Pervin Buldanın açıqlamalarına münasibət bildirərək “Mövzu aydın şəkildə izah olundu. Səsləndirilən hər bir cümləyə imzamı atıram.”- deyib.

Məlumata görə, DEM Partiyası nümayəndə heyəti siyasi partiyalarla keçirilən görüşlər başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da rəsmi görüş üçün vaxt istəyəcək.

Seçilən
13
turkic.world

1Mənbələr