AZ

Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında unudulmaz dahi şəxs olaraq yaşayacaq

Şirvan, 12 dekabr, Aydın Yavərzadə, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Şirvan şəhərində silsilə anım tədbirləri təşkil olunub.

Şirvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şəhər rəhbərliyi, YAP nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində sənədli film nümayiş olunub, daha sonra ümumşəhər tədbiri keçirilib. “Heydər Əliyev və müstəqil Azərbaycan” və “Heydər Əliyev və Şirvan” adlı fotosərgilərə baxış olub. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi inkişafında və beynəlxalq arenada mövqelərinin gücləndirilməsində göstərdiyi müstəsna xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqına, dövlətçiliyimizin qorunmasına və inkişafına həsr etmiş nadir tarixi şəxsiyyətdir. Məhz dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə hər bir azərbaycanlı öz qəlbində Heydər Əliyev abidəsi ucaldıb. Daha sonra kollec tələbələri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət atası” sənədli filmi nümayiş olunub. Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Seçilən
37
azertag.az

1Mənbələr