Moskva, 12 dekabr, AZƏRTAC
SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin katibi vəzifəsində çalışmış Camal Camalov ilk dəfə Heydər Əliyevi 1982-ci ilin noyabrında, Leonid Brejnevın dəfn mərasimi ilə əlaqədar Moskva səfəri zamanı gördüyünü xatırlayır. O vaxtadək Camal Camalovun özü də kifayət qədər uzun bir yol keçmişdi. Azərbaycanda doğulmuş C.Camalov Azərbaycan Politexnik İnstitutunu bitirmiş, Culfada hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə Moskvaətrafı bölgədə başlamış, daha sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində aparıcı referent vəzifəsində çalışmışdı.
Camal Camalov AZƏRTAC-ın müxbirinə müsahibəsində xatırladıb ki, 1982-ci ildə Sov.İKP MK Plenumu Heydər Əliyevi Siyasi Büronun üzvü seçib. Bir müddət sonra keçirilən digər plenum isə Onu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edib. Həmin il noyabrın 26-da Camal müəllim ilk dəfə dahi lider Heydər Əliyevin çıxışını eşidib: “Daimi nümayəndəliyin otağında əməkdaşları toplayaraq təyinat barədə şəxsən məlumat verdi və bunun bir azərbaycanlı üçün böyük şərəf olduğunu, Azərbaycanın adını dünyada uca tutmaq üçün əlindən gələni edəcəyini bildirdi”.
Dekabrın 7-də Heydər Əliyev ilk dəfə SSRİ Nazirlər Sovetində işə çıxıb. Onun kabineti Kremlin 15-ci korpusunda yerləşirmiş, hazırda həmin binada Rusiya Prezidentinin iqamətgahı fəaliyyət göstərir. Dekabrın 21-də Camal Camalov Heydər Əliyevlə müsahibəyə dəvət olunub və 1982-ci il dekabrın 22-dən artıq SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin qəbul otağında katib vəzifəsində çalışmağa başlayıb.
Onun sözlərinə görə, ilk aylar çox ağır keçib: böyük sənəd dövriyyəsi, kağızlarla daimi iş, eyni zamanda əlavə vəzifə kimi Heydər Əliyevin adına Kremlə daxil olan bütün məktubların qısa qeydiyyatının aparılması. Təkcə Azərbaycandan hər il üç mindən çox məktub daxil olurmuş.
Camal Camalov xatırlayır ki, 1983-cü ilin mayında Heydər Əliyev ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına və “Qırmızı Zəhmət Bayrağı” ordeninə layiq görülüb. C.Camalov xatırlayır ki, həmin vaxt Azərbaycandan və bütün SSRİ-dən gələn təbriklərin miqyası misilsiz olub.
C.Camalovun xatirələrində Heydər Əliyevin genişmiqyaslı infrastruktur layihələri üzrə fəaliyyəti xüsusi yer tutur. O cümlədən Baykal-Amur Magistralının (BAM) və Azərbaycanla onun ayrılmaz hissəsi olan Naxçıvanı da əhatə edən nəqliyyat dəhlizlərinin tikintisi üzrə görülən işləri qeyd edir. Heydər Əliyev Bratskdan Xabarovska qədər BAM-ın tikinti obyektlərində dəfələrlə olub, detallarla şəxsən tanış olub və bundan sonra Onun təşəbbüsü ilə tikintinin davam etdirilməsi barədə MK-ya arayışlar hazırlanıb. O, inşası yalnız 2002-ci ildə tamamlanan məşhur tuneldə olan ilk rəhbərlərdən biri idi.
C.Camalov İran sərhədi boyunca Astara–Culfa–Sədərək istiqamətində nəzərdə tutulan hərbi-strateji avtomobil yolunun layihəsi haqqında da ətraflı danışıb. Sovet tərəfi qoşunların sürətli dislokasiyası üçün dördzolaqlı magistral planlaşdırmışdı. Azərbaycan tərəfi bütün sənədləri razılaşdırmışdı, lakin Ermənistan tərəfi Mincivan–Ordubad arasındakı 43 kilometrlik hissəni guya münbit torpaqların itirilməsi bəhanəsi ilə imzalamaqdan imtina edirdi. C.Camalov bildirir ki, o, həmin marşrutu dəfələrlə keçib və oranın kəskin dağlıq relyefə malik olduğunu, demək olar heç bir kənd təsərrüfatı sahəsinin olmadığını dəqiq xatırlayır. Nəticədə layihə başa çatdırılmayıb və bu gün, onilliklər sonra, yol və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrdə həmin vaxt həyata keçirilməmiş qərarlar xatırlanır.
Müsahibimizin xatirələrində Ulu Öndər Heydər Əliyevin ağır şəxsi sınaqları da yer alır. O, 1985-ci ildə Zərifə xanım Əliyevanın xəstəliyi zamanı əməliyyatına SSRİ-nin ən yaxşı həkimlərinin cəlb edilməsinə baxmayaraq, Zərifə xanımın vəfatının Heydər Əliyev üçün necə böyük zərbə olduğunu danışır.
Xatirələrin ayrıca bölümü Heydər Əliyevlə Mixail Qorbaçov arasındakı münasibətlərə həsr olunub. C.Camalovun sözlərinə görə, 1985-ci ildən etibarən onların arasındakı anlaşılmazlıq artırdı. BAM-ın tikintisinin davam etdirilməsi barədə MK-ya təqdim olunan arayış kənara qoyulmuş, Şimal-Muy tunelində işlər dayandırılmış, bahalı idxal texnikası silinmişdi. Novorossiysk sahillərində “Admiral Naximov” teploxodunun batması və 423 nəfərin həlak olması ilə bağlı hökumət komissiyasına yenidən Heydər Əliyev rəhbər təyin edilmişdi. O, faciə yerində 18 gün qalmış, işlərin təşkili, həlak olanların ailələri ilə görüşlər və tanınma prosedurları ilə məşğul olmuşdu.
İstefasından sonra, 1987-ci il noyabrın 23-də Heydər Əliyev Kremldəki kabinetini tərk edərkən Camal Camalovu yanına çağırıb. Vida sözlərini Azərbaycan dilində deyib və öz xalqına xidmət etdiyi üçün qürur duyduğunu bildirib. C.Camalov üçün bu söhbət onların Kremldəki birgə əməkdaşlığının simvolik sonu olub.
C.Camalov qeyd edir ki, Heydər Əliyev SSRİ Ali Sovetinin Azərbaycan nümayəndə heyəti ilə, Moskvaya gələn Azərbaycan rəhbərləri ilə görüşə həmişə vaxt ayırırdı və respublikada baş verən prosesləri, o cümlədən həmin dövrdə formalaşmağa başlayan Qarabağ məsələsini daim diqqətlə izləyirdi.
Bu xatirələr uzun illər Ulu Öndər Heydər Əliyevin yanında çalışmış Camal Camalovun müşahidələrinə əsaslanır və dövlətçilik təfəkkürünü, şəxsi məsuliyyəti və doğma Azərbaycana dərin bağlılığı birləşdirən lider obrazını təqdim edir.
Moskva