Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Editor.az APA-ya istinadən xəbər verir ki, Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməniəsilli Karapetyan A.S. olduğu məlum olub. 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinski əleyhinə ifadə verən şəxsin də Rusiya Daxili İşlər Nazirliyinin erməniəsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyan olduğu bildirilir.
Müdafiə tərəfi Şahin Şıxlinski barəsində aparılan istintaqın birtərəfli və qərəzli olduğunu, irəli sürülən ittihamlarda isə ciddi ziddiyyətlərin mövcudluğunu vurğulayır.

İyunda nə baş vermişdi?
Azərbaycan ilə Rusiya arasında münasibətlərdə yaranan ciddi gərginlik 25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra daha da dərinləşib. Hadisədən sonra məsuliyyətdən yayınmağa çalışan Rusiya tərəfi bu günədək təyyarənin vurulmasına görə günahkarları cəzalandırmayıb.
Bu ilin iyun ayında isə Rusiya hüquq-mühafizə orqanları münasibətləri daha da gərginləşdirən növbəti addımı atıb. Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı genişmiqyaslı əməliyyat keçirilib. Heç bir silahlı müqavimət göstərməyən azərbaycanlılara qarşı aparılan bu əməliyyat güc tətbiqi ilə yadda qalıb.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının zorakılığı nəticəsində iki azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları ağır xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərov ailəsinin üzvləri və bir neçə azərbaycanlı isə məhkəmə qərarı ilə həbs ediliblər. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədildiyi iddia olunan cinayətlər üzrə ittihamlar irəli sürülüb.
Şahin Şıxlinskinin saxlanılması
İyulun 2-də Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də zorakılıqla saxlanılıb. Həmin vaxt yayılan videogörüntülərdə hərbi geyimdə, maskalı və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanları əməkdaşlarının Şıxlinskinin olduğu avtomobilin küçənin ortasında qarşısını kəsməsi əks olunub.
Onlar zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. Mutvalı Şıxlinski saxlanıldıqdan təxminən 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra azadlığa buraxılıb.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə qarşı “dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə” maddəsi ilə cinayət işi açıb. Həmin iş üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də o, Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.

Hazırda məlum olur ki, bu cinayət işinin bütün mərhələlərində Rusiya vətəndaşı olan erməniəsilli şəxslərdən fəal şəkildə istifadə edilib. Bu isə təsadüfi deyil.
Rusiyada anti-Azərbaycan siyasəti davam edir
Şahin Şıxlinskinin işi bir daha göstərir ki, Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti aparılır. Diaspor təşkilatlarının rəhbərlərinə və fəallarına qarşı təzyiqlər, təqiblər, həbslər davam edir, bir çoxları Rusiya vətəndaşlığından məhrum edilir.
Bu prosesdə Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi əsas rol oynayır. Məqsəd diaspor rəhbərlərini zərərsizləşdirmək, Rusiyada yaşayan azərbaycanlıları nəzarət altına almaq və gələcəkdə onlardan Azərbaycana qarşı alət kimi istifadə etməkdir.
Şahin Şıxlinskinin həbsindən sonra Yekaterinburqdakı Azərbaycan diasporuna sədr təyin edilən Vidadi Mustafayevin də qısa müddət ərzində ağır ittihamlarla həbs edilməsi bu planın açıq göstəricisi olub. Onu “diaspor sədri” kimi təqdim edən orqanlar sonradan kriminal əlaqələrini gizlədə bilməyərək həbs etmək məcburiyyətində qalıblar.
2017-ci ildən başlayan təzyiqlərin mahiyyəti
Rusiyada Azərbaycan diasporuna qarşı dövlət səviyyəsində hücumlar 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə başlayıb. Sonrakı illərdə diaspor təşkilatlarına nəzarət etmək cəhdləri uğursuz olduqda, bu qurumları parçalamaq, rəhbərlərinə təzyiq göstərmək və həbslər həyata keçirmək siyasəti seçilib.
Buna misal olaraq Xantı-Mansi Muxtar Dairəsi Dumasının azərbaycanəsilli deputatı Xalid Tağızadənin yaşadığı təzyiqləri göstərmək olar. Onun miqrasiya və tarixi məsələlərlə bağlı çıxışından sonra maaşı dayandırılıb, mandatı əlindən alınıb və barəsində cinayət işi açılıb. Nəticədə Xalid Tağızadə Rusiyanı tərk etməyə məcbur qalıb.

Həbs və vətəndaşlıqdan məhrumetmə halları
Smolensk vilayətində Azərbaycan Milli Konqresinin rəhbəri Faiq Əliyevin, Voronejdə diaspor rəhbəri Yusif Xəlilovun həbsi, Ulyanovskda diaspor rəhbəri və qubernatorun müşaviri İslam Hüseynovun, Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun Rusiya vətəndaşlığından məhrum edilməsi bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Şıxlinskiyə qarşı cinayət işinin qərəzli şəkildə, üstəlik erməniəsilli müstəntiq tərəfindən aparılması Rusiyada azərbaycanlılara qarşı münasibətin mahiyyətini açıq şəkildə nümayiş etdirir.
Bununla belə, bütün bu məsələlər Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin diqqətindədir. Dövlət başçısının səyləri nəticəsində Voronej diaspor rəhbəri Yusif Xəlilov azadlığa buraxılıb. Hazırda Şahin Şıxlinskinin işi də nəzarətdə saxlanılır və onun azad ediləcəyi ehtimalı yüksək qiymətləndirilir.
AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət niyə yoxdur?
Bu il dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından bir il ötür. Azərbaycanlılara qarşı qondarma ittihamlarla sürətli məhkəmə prosesləri keçirən Rusiya hakimiyyəti indiyədək bu faciəyə görə məsuliyyət daşıyan şəxsləri cəzalandırmayıb.
Halbuki Rusiya Prezidenti Vladimir Putin bu il oktyabrın 9-da üzrxahlıq edərək cinayət işinin tezliklə yekunlaşacağını bildirmişdi. Rusiya rəsmiləri də Azərbaycana səfərləri zamanı müxtəlif vədlər vermişdilər.
Reallıq isə ondan ibarətdir ki, Rusiyada azərbaycanlılara qarşı cinayət törədənlər deyil, məhz azərbaycanlılar cəzalandırılır. Bu da rəsmi Moskvanın iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılmasında deyil, daha da dərinləşdirilməsində maraqlı olduğunu göstərir.