
(Həyat dərsi)
Qətiyyətlilik, təmkinlilik, əzmkarlıq özünə inanan insanların xüsusiyyətləridir. Bu cür insanlar nə qədər maneələrlə qarşılaşsalar da, nə qədər təzyiqlərə məruz qalsalar da, məqsədlərindən əl çəkmirlər. Çarlz Qudyer də belə insanlardan idi...
O, təkər istehsalına çox maraq göstərirdi. Onun ən böyük arzusu yüksək temperatura davamlı təkərlər istehsal etmək idi. Çünki kükürdlə sərtləşdirilməzdən əvvəl təkərlər yayda yumşaldıqları, qışda isə əksinə bərkidikləri üçün asan sıradan çıxırdı.
Əslində, Qudyerin bu işin elmindən xəbəri yox idi. O, rezinlə qarışdırdığı maddələrin xassələrindən də xəbərsiz idi. Ancaq buna baxmayaraq, çoxlu təcrübələr aparırdı. Bəzən bu təcrübələr ona yuxusuz gecələr bahasına başa gəlirdi.
Ancaq məsələ bununla da bitmirdi. Çünki Qudyer bu işə başlayandan bəri bütün həyatı alt-üst olmuşdu. Hətta çoxlu borcu olduğu üçün bir neçə dəfə həbsə də düşmüşdü. Artıq dostları da ondan üz döndərmişdilər. Həyat yoldaşı isə onu evdən getməklə hədələyirdi. Ancaq bütün bunlara baxmayaraq, Qudyerin təslim olmaq fikri yox idi.
1839-cu ilin fevralı idi. Qudyer bir parça rezini kükürdlə yoğururdu. Bu vaxt həyat yoldaşının gəldiyini gördü. O, bir şey başa düşməsin deyə, əlindəki rezini ocağa atdı. Qudyer geri qayıdanda gözlərinə inana bilmədi. Çünki rezin odun və kükürdün təsiri ilə kömürləşmiş, ancaq elastikliyini itirməmişdi. Bəli, Qudyer artıq öz məqsədinə çatmışdı. Əslində isə bu, onun özünə inamının nəticəsi idi. Əlbəttə ki, qətiyyətliliyindən, təmkinliliyindən və əzmkarlığından doğan özünə inamının…
Murad Məmmədov