Xırdalanda, Misir parkında uşaqlar üçün nəzərdə tutulan yelləncəklər pulludur. Belə ki, bəzi yelləncəklərdən istifadə 20 dəqiqə üçün 50 qəpik, bəzilərindən isə 1 manat təşkil edir. Halbuki Bakının digər parklarında bu vəziyyətə tez-tez rast gəlinmir. Bundan əlavə, parkın təmizliyi də qənaətbəxş deyil, zibil qutuları olsa da, məişət tullantılarının ətrafa səpələndiyi görünür. Əsas sual isə budur ki, yelləncəklərdən yığılan pula kim nəzarət edir? Məsələ ilə bağlı Xırdalan şəhər İcra Nümayəndəliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində parkda təmir işləri həyata keçirilib: "Yeni oturacaqların quraşdırılması hava şəraitinin yaxşılaşması ilə əlaqədar yaxın günlərdə tamamlanacaq. Mövcud yağışlı və dəyişkən hava şəraiti bəzi işlərin icrasını müvəqqəti olaraq ləngidir". Həmçinin qeyd olunub ki, parkda quraşdırılmış uşaq əyləncə avadanlıqları Vətən Müharibəsi qazilərlərinə məxsusdur və maddi rifahlarının yaxşılaşdırılması məqsədilə vətəndaşlara cüzi ödəniş qarşılığında xidmət göstərirlər".İcradan parkın təmizliyi ilə bağlı bildirilib ki, gün ərzində ərazidə müntəzəm təmizlik işləri aparılır:"Aidiyyəti xidmətlərə əlavə təmizlik və abadlıq işlərinin təşkili barədə tapşırıq verilib və yaxın günlərdə parkın təmizliyi daha da gücləndiriləcək. Xırdalan şəhər İcra Nümayəndəliyi vətəndaşların bütün müraciətlərinə diqqətlə yanaşır və şəhərin ümumi abadlığı, infrastrukturun yaxşılaşdırılması və sakinlərin rahatlığı istiqamətində işləri davam etdirir".Sevinc İbrahimzadə / Metbuat.az