Ekspertin sözlərinə görə, digər önəmli məqamlardan biri budur ki, bu ilə nisbətən gələn il xərclərin ciddi şəkildə artmayacağı gözlənilir:"Üstəlik, əhalinin də xərcləmələrdə daha ehtiyatlı davranacağı proqnozlaşdırılır. Bu da inflyasiyanı tətikləməyən, əksinə, sabitləşdirən amildir. Lakin unutmaq olmaz ki, inflyasiya təkcə məhsul qiymətlərinin artımı ilə bağlı deyil. Burada valyutanın dəyərdən düşməsi məsələsi də mühüm rol oynayır. Hər halda düşünürəm ki, Azərbaycan manatının ciddi şəkildə dəyərdən düşməsi üçün əsas yoxdur. İstənilən halda manat–dollar kursu həlledici faktorlardan biridir. Alıcılıq qabiliyyəti, xərclərin artmaması kimi amillər də vacibdir. Bütün bunlar nəticə etibarilə biznes mühitinə təsir edir. Ona görə də biznes mühitinin genişləndirilməsi və məşğulluğun artırılması üçün ciddi addımlar atılmalıdır ki, ölkə idxal inflyasiyasının mənfi təsirlərindən yan keçə bilsin və ya bu təsirlərə daha az məruz qalsın".E.Sadıqov qeyd edib ki, mövcud vəziyyət dəyişməzsə, yəni neft qiymətləri hazırkı səviyyədə qalsa, devalvasiya baş verməsə (ki hazırda bunun ehtimalı aşağıdır), neft bazarında uzunmüddətli çöküş və ya qlobal miqyasda müharibə kimi ciddi şoklar olmasa, Azərbaycanda inflyasiya rəsmi olaraq təxminən 6% civarında qala bilər:"Amma nəzərə almaq lazımdır ki, rəsmi inflyasiya göstəricisi ilə əhalinin hiss etdiyi inflyasiya arasında fərq var. Əhali daha az çeşiddə, əsasən zəruri məhsullar aldığı üçün həmin məhsullardakı qiymət artımını daha kəskin hiss edir. Ona görə də bəzən inflyasiyanın 6% səviyyəsində qalacağı deyildikdə “qiymətlər artıb” kimi yanlış düşüncələr yaranır. Sadəcə bəzi sahələrdə, xüsusən ərzaqda inflyasiya yüksək olur, digər sahələrdəki aşağı göstəricilər isə bunu kompensasiya edir. Ümumilikdə isə qeyd olunan amilləri nəzərə alsaq, 2026-cı ilin inflyasiya göstəricilərinin 2025-ci ilə yaxın səviyyədə olacağı gözlənilir".Sevinc İbrahimzadə / Metbuat.az