AZ

Azərbaycanda da qadağan edilməlidir?

Metbuat saytına istinadən ain.az xəbər verir.

Qırğızıstan və Özbəkistandan sonra Meksikada da elektron siqaretlərin satışı qadağan edilib. Bəs bu məhsul ölkəmizdə də qadağan edilməlidirmi?

Pulmonoloq Əsəd Beydullayev Metbuat.az-a açıqlamasında bildirib ki, elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda, bir çoxları onları xilaskar kimi görürdü, amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil:

"Bunun ən əsas səbəbi onların çox təhlükəsiz görünməsidir. Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur. 2019-cu ildə ABŞ-da elektron siqaretlə bağlı ilk ölüm hadisəsi baş verib. Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin infeksiyalı xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil, yəni effekti yüksək deyil".

Ə.Beydullayev tövsiyə edib ki, elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən, kişilər uzaq dursunlar. Çünki onun zərərli tərəfləri, təəssüf ki, ənənəvi siqaretdən az deyil:

"Elektron siqaret “mehriban düşmən” kimidir, gözəl, cəlbedici görünür, amma çox qorxuludur. Bu səbəbdən bəzi ölkələrdə artıq elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bu məsələ nəzərdən keçirilsə, insanların sağlamlığı daha yaxşı qorunmuş olar. Bundan başqa, hesab edirəm ki, maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər ki?... Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar".

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
metbuat.az

2Mənbələr