Vaşinqton, 13 dekabr, AZƏRTAC
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində Ramsfeld Fondunun Mərkəzi Asiya–Qafqaz Təqaüd Proqramının (CAMCA) iştirakçıları üçün qəbul təşkil olunub.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə səfir Xəzər İbrahim, Ramsfeld Fondunun nümayəndələri və CAMCA proqramının təqaüdçüləri iştirak ediblər.
Xəzər İbrahim qonaqları salamlayaraq proqram iştirakçıları ilə keçirilən görüşlərin artıq ənənəvi xarakter aldığını qeyd edib, CAMCA proqramının regional məsələlərin əhatə edilməsi baxımından gördüyü işləri yüksək qiymətləndirib. O, gələn il CAMCA-ın illik iclasının Bakıda təşkil olunacağını xatırladıb.
Ramsfeld Proqramının icraçı direktoru Sara Tanuççi çıxışında Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib. O, Azərbaycan səfirliyi ilə uzun illərdir davam edən yaxın əlaqələrdən bəhs edib və görüş üçün təşəkkürünü bildirib.
Tədbir daha sonra fikir mübadiləsi və netvorkinq ilə davam edib.
CAMCA proqramı 2008-ci ildən etibarən hər il yaz və payız aylarında Mərkəzi Asiya, Əfqanıstan, Monqolustan və Cənubi Qafqaz regionundan olan 10 ölkənin nümayəndələrini bir araya gətirir. Proqram 5 həftə davam edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton