Əməliyyat noyabrda Şri-Lanka sahilləri yaxınlığında həyata keçirilib və yük məhv edilib...
Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin yazdığına görə, ABŞ xüsusi təyinatlı qüvvələri noyabr ayında Hind okeanında, Şri-Lanka sahilləri yaxınlığında naməlum bir gəmiyə eniş edərək Çindən İrana göndərilən yükü ələ keçirib. Nəşrin məlumatına əsasən, gəminin adı və sahibinin kimliyi jurnalistlər tərəfindən müəyyən edilə bilməyib.
Mənbələrin bildirdiyinə görə, amerikalı xüsusi təyinatlılardan ibarət qrup gəmiyə enərək Çin istehsalı olan və ikili təyinatlı hesab edilən avadanlıqları müsadirə edib. Həmin predmetlərin İranın hərbi arsenalının bərpasına, o cümlədən mümkün raket proqramına töhfə verə biləcəyi ehtimal olunurdu. Əməliyyatdan sonra gəmiyə yoluna davam etməyə icazə verilib, ələ keçirilən yük isə məhv edilib.
Qeyd olunur ki, əməliyyat ABŞ Silahlı Qüvvələrinin Hind–Sakit okean regionu üzrə komandanlığı tərəfindən həyata keçirilib. Nəşr vurğulayır ki, bu cür əməliyyatlar Vaşinqtonun İranın hərbi imkanlarının gücləndirilməsinin qarşısını almaq məqsədilə həyata keçirdiyi gizli tədbirlərin bir hissəsi hesab olunur. ABŞ tərəfi uzun müddətdir ki, Çindən İrana mümkün hərbi və ikili təyinatlı yüklərin daşınması məsələsinə xüsusi diqqət ayırır.
The Wall Street Journal yazır ki, rəsmi Vaşinqton əməliyyatla bağlı ictimaiyyətə əlavə təfərrüatlar açıqlamayıb, lakin mənbələr bunun regional təhlükəsizliyə və ABŞ-nin İranın hərbi proqramlarını məhdudlaşdırmaq strategiyasına uyğun addım olduğunu bildiriblər.
Poliqon.info