AZ

Revanşistlər kilsə ətrafında BİRLƏŞDİ – Ermənistanda seçkiqabağı gərginlik YENİDƏN ALOVLANIR

Ermənistanda seçkilər yaxınlaşdıqca, revanşist qüvvələr də aktivləşir. Prosesin gedişi göstərir ki, seçki öncəsi revanşistlər vahid mövqedən çıxış etməyə çalışır və bu məqsədlə də kilsə ətrafında birləşməyə üstünlük verirlər.

Bu günlərdə Moskvada Ermənistan səfirliyi önündə baş nazir Nikol Paşinyan əleyhinə keçirilən etiraz aksiyası da məhz kilsənin müdafiəsinə həsr olunub. 

Digər tərəfdən, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İrəvanda jurnalistlərə bildirib ki, o və tərəfdarları Katolikos II Qareginin göstərişi ilə istənilən addımı atmağa hazırdır.

Qeyd edək ki, hazırda Ermənistanda əsas mübarizə Paşinyan hakimiyyətilə kilsə, daha doğrusu, onun rəhbəri II Qaregin arasında gedir. Digər qüvvələrə gəldikdə isə Paşinyan onları demək olar ki, çoxdan küncə sıxışdırıb. Ona görə də hakimiyyət indi əsas diqqəti kilsəyə qarşı mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, hazırda zəifləmiş revaşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar.

Görünən odur ki, Ermənisitanda seçki dövründə iqtidarla revanşistlər arasında əsas mübarizə də məhz tərəflərin kilsəyə münasibəti istiqamətində olacaq. 

Mövzu ilə bağlı Bizim.Media-yan açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, mövcud vəziyyətdə revanşistlərlə kilsənin birləşməsi gözləniləndir:

“Sarkisyan və erməni kilsəsi də keçmiş SSRİ-nin xüsusi xidmət orqanları və hərbi kəşfiyyatına bağlı qurum və şəxslərdir. Bu səbəbdən onların Paşinyana qarşı mübarizədə birləşmələri təbiidir. Seçkilərə onlar güman ki, bir mövqedən çıxış edərək gedəcəklər. Moskvadakı Ermənistan səfirliyi önündəki aksiya da eyni mərkəzdən idarə olunur. Hər şey Moskvanın göstərişi ilə həyata keçirilir. Ermənistandakı seçki öncəsi vəziyyətə gəldikdə, revanşistlər hər vəchlə çalışır və çalışacaqlar ki, ölkədə gərgin atmosfer hökm sürsün”.

Revanşistlər seçkiöncəsi gərginlikdə maraqlıdır.

Deputat qeyd edir ki, seçkilər yaxınlaşdıqca Ermənistanda gərginlik də pik nöqtəyə çatacaq:

“Revanşistlərin addımları və hərəkətləri də göstərir ki, onlar məhz vəziyyətin bu həddə çatmasında maraqlıdırlar. Bu mənada seçkilər yaxınlaşdıqca, Ermənistanda gərginlik daha da yüksələcək. Ancaq bütün hallarda hər şey Paşinyanın atacağı addımlardan asılı olacaq. O, situasiyanı nəzarətdə saxlamağı bacarsa, hələlik proses məhz bu istiqamətdə cərəyan edir, seçki prosesindən də qalib çıxacaq”. 

Rüfət Sultan, Bizim.Media   

Seçilən
12
1
bizim.media

2Mənbələr