"Mərkəzi Bankın (MB) rəhbəri, normal, beynəlxalq iqtisadi terminalogiyaya uyğun açıqlama verib ki, vətəndaşların “yastıq altında” 10 mlrd. dollara yaxın pulu var”, amma bu açıqlamanı anlayanlar məğzinə uyğun, anlamayanlar isə içiboş açıqlamalar veriblər”.
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Mərkəzi Bankın rəhbəri, əslində, sistemin mahiyyətini ciddi tənqid edən açıqlama verib, mahiyyətinə uyğun suallar ünvanlamaqdansa, boş-boş danışırlar ki, hakimiyyət gəlib yasdığınızın altından pulları alacaq:
"MB-ın rəhbəri bu açıqlaması ilə əslində, 3 önəmli məsələnin üstünü açır:
1. Vətəndaş, əhali bank sisteminə hələ də güvənmir, vəsaitini evində saxlamağa üstünlük verir. MB izah etsin, cavab versin ki, niyə əhali hələ də bank sisteminə güvənmir,
2. Ölkədə o qədər primitiv, bəsit iqtisadi sistem var ki, vətəndaş yatırım etməyə alət tapmır, yəni qiymətli kağızlar bazarı, gəlir alətləri yox kimidir, hökumət cavab versin ki, niyə bu qədər primitiv sistem qurub,
3. Məmləkətdə investisiya mühiti o qədər bərbaddır ki, əlində, “yastıq altında” pulu olan vətəndaş obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir, dövlət orqanlarından qorxur. Düşünür ki, biznes qursa, və ya, belə bir cəhd etsə, o vəsaiti itirə bilər, hakimiyyət cavab versin ki, əhali niyə biznes qurmaq üçün başqa ölkələrə gedir, amma öz ölkəsində biznes qurmağa qorxur.
Yəni Mərkəzi Bankən rəhbəri ciddi diskurs açmağa, indiki şəraitdə nə qədər mümkündürsə, bir o qədər açıq danışmağa çalışır. İctimai fikirə təsir imkanı olanların bir qismi bundan istifadə edib hökumətin bütün iqtisadi siyasətini kəskin tənqid edən müzakirə açmaq əvəzinə, “səs-küy” yaratmağa çalışırlar".