AZ

Qaregin Ermənistan Təhlükəsizlik Xidmətinin HƏDƏFİNDƏ – İrəvan qarışa bilər

Ermənistanda hakimiyyətlə kilsə arasında qarşıdurma ən təhlükəli mərhələsinə daxil olub.

“Hraparak” nəşrinin yaydığı məlumata görə, Milli Təhlükəsizlik Xidməti (MTX) artıq dolayı təsir mexanizmlərindən imtina edərək birbaşa Erməni Apostol Kilsəsinin rəhbərliyinə, katolikos II Qareginə yönəlik təzyiq xəttinə keçib.

Mənbələrin bildirdiyinə görə, 10–12 dekabr tarixlərinə planlaşdırılan arxiyerey şurasının təxirə salınması məhz təhlükəsizlik orqanlarının açıq xəbərdarlıqları və hədələri fonunda baş verib. Xüsusi xidmət orqanları kilsə rəhbərliyinə şura keçiriləcəyi və “itaətsiz” sayılan 10 yepiskopla bağlı qərarlar qəbul ediləcəyi halda, kütləvi saxlanmalar və inzibati məhdudiyyətlər də daxil olmaqla “arzuolunmaz proseslərin” qaçılmaz olacağını çatdırıblar.

Nəşrin iddiasına əsasən, hətta şura iştirakçılarının öz yeparxiyalarına qayıtmasına belə maneələr yaradılması gündəmə gətirilib. Bu isə faktiki olaraq kilsənin daxili idarəetmə mexanizminin dövlət gücü ilə iflic edilməsi anlamına gəlir.

Bəs, hazırki vəziyyətdə bu proses ölkədə hansı siyasi və institusional riskləri yarada, eyni zamanda dövlət–kilsə münasibətlərinin gələcək balansına necə təsir göstərə bilər?

Siyasi şərhçi Heydər Oğuz NOCOMMENT.az-a açıqlamasında bildirib ki, kilsə erməni toplumunda yalnız mənəvi əsaslı qurum deyil:

“Min ildən artıqdır ki, heç bir dövlət qura bilməyən, Anadolu, Yaxın Şərq və Cənubi Qafqaz kimi coğrafiyalarda bir-birindən qopuq, seyrək halda yaşayan erməni toplumu üçün kilsə həm də siyasi bütünləşmə vasitəsi olub. Ermənilik duyğusu, milli özünüdərk, etnik kimlik kimi proseslər məhz kilsə tərəfindən həyata keçirilib.

Üstəlik, ermənilərin mənsub olduğu ortodoksal xristianlıq ekolu da erməni-Qriqoryan kilsəsinin milli zəmində formalaşmasında önəmli rol oynayıb.

Məlumdur ki, xristianlığın digər məzhəblərindən fərqli olaraq, ortodoksal yanaşma beynəlmiləl, evrənsəl xarakter daşımır, daha çox etnik kimliyə önəm verir. Məhz bunun nəticəsidir ki, ortodoskal kilsələr həm də etnik xüsusiyyətləri ilə seçiliblər.

Rus pravoslav, erməni-Qriqoryan, yunan ortodoks, Gürcü Həvari Avtokefal Pravoslav, Kiyev Patriarxlığı və s. kimi kilsələr həm də mənsub olduqları millətlərin adı ilə anılırlar. Görünür, ortodoks kilsələri arasında vəhdət anlayışının zəif olması da bu səbəbdən qaynaqlanır”.

Heydər Oğuzun sözlərinə görə, Erməni-Qriqoryan kilsəsinin siyasiləşməsi xüsusilə də SSRİ dağılandan sonra güclənmiş, Rusiyanın “5-ci kolonu” hesab olunan Köçəryan-Sarkisyan hakimiyyətləri zamanı iqtidarların ruporuna çevrilib:

“Əslində Paşinyan hakimiyyəti ilə kilsə arasında ilk ziddiyyətlər də məhz bu səbəbdən, həm də hakimiyyətə gəlməmişdən əvvəl ortaya çıxmışdı. Hələ 2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərindən sonra II Qarekin Sarkisyanı ilk təbrik edən ictimai xadimlərdən biri olmuş və bu da Ter-Petrosyanın narazılığına yol açmışdır. Seçkilərdən bir neçə il sonra 2011-ci ildə İrəvanda keçirilən etiraz mitinqində ana müxalifət lideri Ter-Petrosyan kilsənin “dövlətin alətinə” çevrildiyini iddia etmişdi. Onun ardınca bir başqa müxalifət lideri, keçmiş xarici işlər naziri Raffi Ovannisyanın İrs Partiyası Sarkisyan hakimiyyətini “Kilsəni siyasətə cəlb etməkdə” ittiham etmişdi”.

Siyasi şərhçi bildirib ki, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlməsilə kilsə ilə siyasət arasında münasibətlər xeyli gərginləşib:

“Xüsusilə də 44 günlük müharibədəki məğlubiyyətindən sonra Paşinyan hakimiyyəti açıq şəkildə kilsənin hədəfinə çevrilib. Dəfələrlə Paşinyanı istefaya çağıran Eçmiədzin kilsəsi nəhayət rəsmi İrəvanın ağır təpkiləri ilə üzləşmişdir. Azərbaycanla Ermənistanın sülh danışıqlarının getdikcə gücləndiyi indiki dövrdə İrəvanda siyasətlə kilsə arasında ziddiyyətlər kulminasiya nöqtəsinə yüksəlib.

Artıq Paşinyanın şəxsən özü erməni patriarxı II Qarekini açıq şəkildə zinakarlıqda ittiham edir.

Hətta hakim komandaya yaxın sosial şəbəkələrdə digər kilsə liderlərindən birinin – Arşak Srbazanın öz qohumu ilə qeyri-qanuni cinsi münasibətlərini əks etdirən videolar yayımlanır. Bu da istər-istəməz kilsəni daxildən parçalayır və yeni dini qrupların ortaya çıxmasını tətikləyir. Erməni Qriqoryan kilsəsində yeni ayrılmalar ötən ayın son günlərində ortaya çıxdı. Məlumata görə, oktyabrın 23-də Eçmiədzin kilsəsi özünə bağlı Hovhannavank monastırına nümayəndə göndərib ondan ibadətgahın açarını təhvil verməsini tələb edib. Paşinyana biət edən monastr keşişi Asatryan isə II Qarekinin məktubunu qəbul etməyib və “sənədi göndərən təşkilatı tanımadığını” bildirib. Çıxan mübahisə zamanı asi keşiş II Qarekin barədə çığıra-çığıra ağzına gələni deyib. Eçmiədzinin elçisi ona kilsəyə qarşı üsyan etməyin böyük günah olduğunu xatırladıb. Monastır keşişi isə II Qarekinin nəinki kilsəyə, hətta Allaha qarşı qiyam etdiyini bildirərək patriarxın elçisini ibadətgahdan qovub. Ətrafa toplanan ermənilər arasında ciddi söz dalaşı başlayıb və polis onları zorla yatırıb”.

H.Oğuz qeyd edib ki, ən maraqlı hadisə isə bundan 3 gün sonra baş verib:

“Bildirildiyinə görə, oktyabrın 26-da Ermənistan Baş naziri Nikol Paşinyan və bir çox hökumət üzvləri dini ibadətlərini yerinə yetirmək üçün Hovhannavank monastırına gedib.

Bu fakt rəsmi İrəvanın Hovhannavank monastırının yanında dayandığına, onu erməni-Qriqoryan kilsəsinə alternativ olaraq gördüklərinə işarədir.

Digər bir məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti artıq Erməni Apostol Kilsəsinin rəhbərliyinə, katolikos II Qareginə təzyiq etməyə başlayıb.  Rəsmi İrəvanın bu təzyiqlərindən sonra 10-12 dekabrda keçirilməsi nəzərdə tutulan Arxiyerey Şurasının toplantısı təxirə salınıb.

Nəzərə alsaq ki, II Qareginin qardaşı oğlu və digər Eçmiədzin liderləri hazırda həbsdədir, Paşinyan hakimiyyətinin bu təzyiqlərinin Erməni Apostol Kilsəsində ciddi kadr dəyişiklərinə yol açacağını göstərir”.

Heydər Oğuzun fikrincə, Erməni Apostol Kilsəsində baş verən bu gərginliklər erməni toplumunun Moskvanın himayədarlığından get-gedə xilas olduğundan xəbər verir və bu da yaxın zamanlarda Cənubi Qafqazda real sülhün yaranacağına ümidləri artırır:

“Çünki Azərbaycan və Türkiyə ilə Ermənistan arasında sülh səylərinə ən böyük əngəl kilsə idi. Onun ictimai şüurdakı təsir gücünü itirməsi regionda yeni münasibətlərin formalaşmasına xidmət edəcək.

Erməni kilsəsi ətrafında yaşananların xüsusilə rəsmi İrəvanın Azərbaycanla sülh sazişi bağlamağa hazırlaşdığı bir zamana düşməsi, fikrimcə, təsadüfi deyil. Məqsəd bu qaçılmaz prosesi insidentsiz başa vurmağa hesablanmış ola bilər”.

Seçilən
142
nocomment.az

1Mənbələr